Uşaq vaxtı oyun oynamaq üçün böyüklərimizdən icazə alıb yoldaşlarımızın yanına getməyi özümüzə ən böyük maneə hesab edirdik. Hər gün bir az daha tez böyüməyə can atır, böyük dünyada yer tapmaq, sərbəst olmaq və bütün çətinlikləri öz başımıza həll etmək istəyirdik. İllər keçdikcə bu arzular bizə daha çox şey vəd etməyə başladı, lakin qədəm-qədəm böyüdükcə dünya fərqli bir şəkil almağa başladı içimizdə. Və artıq anladıq ki, böyümək yalnızca fiziki inkişaf deyilmiş – bu, eyni zamanda özü ilə müxtəlif çətinlik və məsuliyyətləri dartıb gətirirmiş.
Həyat bəzən gözlənilməz şəkildə qarşımıza çıxan sirlərlə dolu ekran səhnəsidir. Hər bir an, hər bir hadisə bizi fərqli düşünməyə, hiss etməyə və yaşamağa məcbur edir. Göz açıb yummadan keçən illər, həyatın nə qədər qəribə və gözlənilməz olduğunu bizə göstərir. İnsanlar çox vaxt həyatın ritminə uyğunlaşmağa çalışsa da, hər bir döngədə qarşılarına çıxan yeni çətinliklər və gözlənilməz hadisələr onları sarsıdır. Bəzən həyatın gətirdiyi sevinclər, bəzən də kədərli anlar, onun bizə pay verdiyi böyük və kiçik yaşantılardır. Həyatın bu qəribəliyini anlamaq üçün, bəlkə də, ilk öncə onun nə qədər qeyri-müəyyən olduğunu qəbul etmək lazımdır. Sürprizlər, çətinliklər və gözlənilməz dönüşlər həyatın bir hissəsidir. Bu qəribəlikləri qəbul etmək və onlarla uyğunlaşmaq isə, bəlkə də, həyatın ən vacib dərsidir. Nəticədə, həyatın qəribə olması, bəlkə də, onun ən maraqlı və gözəl tərəfidir. Biz hər bir anı daha yaxşı yaşamaq, hər bir təcrübədən dərs çıxarmaq və hər bir gözlənilməz hadisəyə açıq olmaqla həyatın bu qeyri-müəyyən və qəribə xüsusiyyətlərini daha yaxşı anlamağa çalışırıq.
Hələ gəncliyinin baharında həyatın çətinlikləri ilə qarşılaşmağa başlayanda elə düşünürük ki, uşaqlıq illərindəki ideal dünya real həyatda olmur. Çətinliklərlə mübarizə aparmaq isə bizə fərqli təcrübə qazandırır. Bəzən böyüklərin dünyasına boylandıqda uşaq vaxtı düşündüyümüz hər şeyin asan başa gəlmədiyini görürük. Bu gördüklərimiz isə bizə hər şeyi daha yaxşı anlamağa və daha güclü olmağa kömək edir. Böyümək yalnız fiziki böyümək demək deyil, eyni zamanda həyatın mürəkkəbliyini qəbul etməkdir.
Bir çoxlarının təbiri ilə "bu dünyanın insanı" deyildi, ifadəsi bizi nə qədər sevincli və şad edir bəzən. Çünki insan bütün pis və bəd əməllərdən arınanda ətrafındakı hər şeyə təbəssüm edir, sadəcə və sadəcə dünyaya sevgi saçır. Onun gündəlik həyat tərzi, məqsədləri, planladığı hər şey onun daxili dünyası ilə uzlaşır. Sanki başqa bir müstəvidə yaşayır, insanların münasibətlərindəki səthi mübahisələr və həyatın mübarizə dolu təzahürləri ona təbii gəlmir. Bu dünyanın qanunlarına uyğunlaşmağa çalışdıqca, öz daxili dünyasında itib-batır. Yol uzun, həyat isə mübarizə və çətinliklərlə dolu.
İnsanlar arasında qeyri-adi yaşantılar, sosial və iqtisadi fərqliliklər həyatın, əslində, nə qədər çətin və qeyri-müəyyən olduğunu göstərir. İncidildiyimiz zaman fərdi həyatımızdan tut ta ki sosial yaşamımıza qədər bu hal təsir edir və bizə mübarizə aparmağı, gücdən düşməməyi aşılayır. Bəzən isə insan zəif düşür və verilən bütün qərarlarla razılaşmaq məcburiyyətində qalır.
Həyatla mübarizə aparmaq təkcə şəxsi səviyyədə deyil, həm də cəmiyyət səviyyəsində əhəmiyyətli məsələdir. Hər kəsin dürüst və yerində olması həyatın daha ədalətli və daha gözəl olmasını təmin edə bilər. Bu yerdə “Qaya” vokal ansamblının oxuduğu, sözləri Cabir Novruzun, bəstəsi Oktay Kazıminin olan “Ey həyat, sən nə qəribəsən?” mahnısını zümzümə edərək özümüz olmağa çalışaq:
Aylar keçir, illər keçir, axın olur,
Yadlar gəlir doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur,
Ey həyat, sən nə qəribəsən?
Səma Hüseynli
Naxçıvan televiziyasının əməkdaşı