Azərbaycan tarixinə şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi qəlbimizdə köz olan 30 illik yurd həsrətinə son qoydu. Bir yumruq altında birləşib vətən torpaqlarını azad etməyə rəşadət göstərən igid oğulların cəsarəti sayəsində düşmən üzərində qələbə qazanıldı. Bu zəfər 30 illik nisgili, göz yaşını, sızlayan qəlblərin məlhəmi olmaqla bərabər, bizlərə sevinc, qürur hissi yaşatdı.
Vətəni bütövləşdirib, qədim tarixi torpaqlarımızdan düşməni təmizləyərkən şücaətlər göstərən qəhrəman əsgər və zabitlərimiz bu uğurda ölümün gözünə dik baxıb, şəhadət şərbətini içməkdən belə çəkinmədilər. Xalqımız belə oğullarını hər zaman qürurla anıb, hörmətlə yad edir. Bu gün xatirəsini əziz tutub yad etdiyimiz həmin qəhrəman oğullardan biri də İmaməddin Hümbətovdur.
İmaməddin Muxtar oğlu Hümbətov 1998-ci il sentyabr ayının 5-də Naxçıvan Muxtar Respublikası Babək rayonun Payız kəndində dünyaya göz açıb. Payız kənd tam orta məktəbində təhsil alan İmamədinin gənc yaşlarından hərb sənətinə böyük marağı olur. 8-ci sinifdə oxuyarkən hərbi liseyə qəbul olan qəhrəman müəyyən səbəblərdən təhsil ala bilmir. O, orta məktəbi başa vurduqdan sonra ordu sıralarına çağrılır. İmaməddin qüsursuz, cəsur əsgər kimi xidmətini yerinə yetirib, ordudan təxris olunur. Hərbçi olmaq istəyən qəhrəman yenidən orduda xidmət etmək üçün müraciət edir. İstəyi qəbul olunan İmaməddin Naxçıvan şəhərində yerləşən “N” hərbi hissənin Xüsusi Təyinatlı Qüvvələrində 3 ay hərbi kurs keçərək müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq vətənə xidmətinə başlayır. Vətənpərvərliyi və qüsursuz xidməti ilə seçilən İmaməddin Hümbətovun qəlbindəki arzularından biri də vətən torpaqlarını azad görmək olur. Hərbçi yoldaşları ilə söhbət zamanı ürəyindən keçən arzularını bildirən qəhrəmanın bir cümləsi hər zaman xatırlanır: “Müharibə başlayarsa, bilin ki, hər zaman öndə gedib, düşmənə ilk zərbəni vuran mən olacam. Qismətimdə şəhid olmaq varsa, onsuz da olacaq. Ona görə mən heç zaman arxadan gələn olmayacam”.
Necə deyərlər “Niyyətin hara, mənzilin ora”. İmaməddin sanki, öz arzusunun həyata keçəcəyindən əmin idi. Ürəyindəki arzuları 27-sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində həyata keçir. Döyüşlərə qatılıb, öndə irəliləyən İmaməddin Hadrut şəhərinin işğaldan azad edilməsində qəhramanlıqla vuruşur. O, Xocavənd rayonunun Azıx kəndində döyüş tapşırığını yerinə yetirir. Son döyüşü 19 oktyabrda Şuşa şəhəri uğrunda olan qəhrəman qatıldığı ən çətin döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır. Şəhidimiz oktyabrının 24-də doğulduğu Payız kəndində dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən şəhid İmaməddin Hümbətov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı