“Kiçik Çillə”, “Səddə” və “Xıdır Nəbi”  bayramlarının keçirilmə vaxtı

A- A A+

Azərbaycan xalq təqvimində  qış üç hissəyə bölünür. 22 dekabr – 30 yanvar “Böyük Çillə”, 31 yanvar -19 fevral “Kiçik Çillə” və 20 fevral-21 mart “Boz ay”a (Çillə beçələr) bölünür. Dekabr ayının 22-i qışın başlanğıcıdır. El arasında deyildiyi kimi, “qabaqdan  qanlı qış gəlir”. İnsanlar qışın girməsini də təmtəraqla, bayram əhval-ruhiyyəsi ilə qarşılayıblar. Yanvar ayının 31-də isə “Kiçik Çillə” girir. Qışın demək olar ki, üçdən ikisi gedibdir. Çünki Kiçik Çillə çıxdıqdan sonra (20 fevral) boz ay (bayram ayı) başlayır. Ata-babalarımız Kiçik Çillənin girməsini Səddə  bayramı ilə daha təmtəraqla keçirərmişlər. Səddə bayramı haqqında günümüzə çox az məlumat çatıbr. Dahi Nizami Gəncəvinin “İsgəndərnamə”əsərində bu bayramın yalnız adı çəkilir :

                                      Novruz ilə Səddə bayramlarında,

                                      Ayinlər yenidən olurdu bərpa.

Yaşlı insanların söylədiyinə görə, Səddə bayramı Novruza 50 gün qalmış keçirilirdi. Maraqlıdır ki, bir çox bayramlarımızın keçirilmə ssenarisində tonqal qalanması ənənəsi mühüm yer tutub. Bizə çatan məlumatlara görə, Səddə bayramında kənd meydanında ümumi tonqal yandırılar, tonqal ətrafında əl-ələ tutub kütləvi rəqs edər, “Novruza əlli, biçinə yüz əlli  gün qaldı”,- deyərdilər. Göründüyü kimi, əl-ələ tutub rəqs etmək, yallı getmək məhz Naxçıvana xas olan ənənələrdən biridir.  Xalqımızın özü kimi rəqsləri, yallıları da qədimdir. Digər tərəfdən  biçinə 150 gün qalması da Naxçıvanla bağlıdır. Azərbaycanın taxılçılıq zonasının əsasını təşkil edən aran zonasında taxıl iyunun əvvəllərində (Səddə bayramından 120 gün keçmiş), Naxçıvan zonasında isə iyunun axırında-Səddə bayramından 150 gün keçmiş taxıl biçininə başlanılır. Bəzi etnoqraflar Səddə sözünün “Sədd” sözündən yarandığını, qış ilə yay arasında tonqaldan sərhəd çəkməyə işarə olduğunu söyləyirlər. Ərəb dilində “səd” sözü xoşbəxtlik, uğurluluq kimi izah edilir. Astrologiyada “səd” uğurlu ulduz kimi də işlədilir. Qədim tarixə malik Səddə bayramında yandırılan tonqal “xoşbəxtlik tonqalı”, “uğurluluq tonqalı” da adlana bilər. Ümumiyyətlə, sonrakı “Çərşənbə”lərin hər birində od qalanması insanların odu, istini arzulaması ilə bağlıdır.

Biz Kiçik Çillədən sonra gələn, “Boz ay”da olan, dörd ünsürlə bağlı dörd çərşənbəni qeyd edirik. Azərbaycanın ədəbiyyat tarixi göstərir ki, Səddə  bayramı kimi “dörd çərşənbə”nin də qeyd edilməsi qədimdir. Biz bir çox tədqiqatçılarda yalnız dörd çərşənbə izahına rast gəlirik. Folklorşünas Bəhlul Abdullanın 24 fevral 1989-cu ildə “Kommunist” qəzetində yazdığı “Novruz gəlir” məqaləsində  maraqlı bir qeydə rast gəlirik. O yazır: “Boz ay” çillə beçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə “oğru buğ” (oğru üskü), ikinci üçünə “doğru buğ” (doğru üskü), sonuncuya isə ilaxır çərşənbə deyilir. Əslində, bu bölgü “boz aya” yox,  Kiçik Çillənin girdiyi gündən Novruza qədər olan dövrə aiddir.

Bəhlul Abdulla sonra qeyd  edir ki, bu çərşənbələrin hər birinin ayin və mərasimləri vardır. Məsələn, torpağa dəyən ilk “oğru buğ”da (Kiçik Çillənin ilk çərşənbəsində) adamlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç dəfə ev-eşiyin ətrafına dolanaraq “qaçın-qaçın şeytanlar, sizi oda qalaram”, - deyərmişlər. Ayinə görə “şər qüvvələr” qorxub qaçarmışlar.

Göründüyü kimi, etnoqrafik yaddaşımızda  çillələr, Kiçik Çillənin ilk günündən, yəni,31 yanvardan başlayıb. Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, Səddə bayramı Kiçik Çillənin birinci günü yox, birinci çərşənbəsi (həfətnin 2-ci günü) qeyd edilərmiş.

İlk “oğru buğ” (çərşənbə) yanvarın 31-dən fevral ayının 6-a kimi ola bilər. Bütün hallarda Novruza qədər çərşənbələrin sayı yeddi olur. Lakin axır çərşənbə martın 13-dən  20-ə kimi fərqli günlərə düşür. Əgər ilk çərşənbə fevral ayının 6-a düşərsə, mart ayının 13-ü və 20-si çərşənbə olur. Bizə elə gəlir ki, bu zaman axır çərşənbə mart ayının 20-də qeyd edilməlidir. İlk çərşənbə yanvar ayının 31-nə uyğun gələrsə və fevral ayı 29-dan olarsa, yenə də mart ayının 13-ü və 20-si çərşənbəyə düşür. Bu zaman axır çərşənbə martın 13-də keçirilməlidir. Çünki martın 20-ə qədər çərşənbələrin sayı səkkiz olur.

Kiçik Çillə dövründə keçirilən mərasimlərdən biri də “Xıdır Nəbi” mərasimidir. Buna bəzən “xıdıra-xıdır”  da deyirlər. Xıdır Nəbi mərasimi haqqında bir çox etnoqraflar geniş məlumat vermişlər. “Azərbaycan etnoqrafiyası” kitabında Tofiq Babayev və Bəhlul Abdullanın “Novruz bayramı” məqaləsində, Qəmərşah Cavadov, Türkan Qədirzadə, Asəf Orucovun “Xıdır Nəbi” haqqında verdiyi məlumatlar da maraqlıdır. Onu da qeyd edək ki, “Xıdır Nəbi” mərasimi Azərbaycanın əksər bölgələrində qeyd edilməmişdir. Naxçıvanda isə “Xıdır Nəbi” kəndlərimizdə müxtəlif vaxtlarda, bəzi kəndlərdə isə bir neçə dəfə keçirilir. “Azərbaycan etnoqrafiyası” kitabındakı “Novruz bayramı” məqaləsində Kiçik Çillənin (fevralın) birinci on günlüyünün “Xıdır Nəbi” adlandığı, bu dövrün qışın ən sərt soyuğu və çovğun-boranlı dövrü olduğu qeyd edilir. “Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı” kimi bir atalar sözü olduğu da qeyd  edilir.

 “Novruz bayramı” məqaləsində göstərilir ki, Böyük Çillənin ən məşhur ayini sözsüz ki, səməni göyərtmək və ondan halva bişirməkdir. Biz dəfələrlə qeyd etmişik ki, müxtəlif ayinlər müxtəlif bayramlarda təkrar olunur. Ola bilsin ki, nə vaxtsa və ya hansısa bölgədə Çillədə səməni göyərdilsin, Naxçıvanda isə bu adət yerinə yetirilmir. Xıdırın yaşıllıq bahar hamisi Xızırla  və əksər xalqlarda su, yağış, çay, dəniz hamisi bilinən İlyasla da əlaqəsi olduğu qeyd edilir.

                                      Xıdıra Xıdır deyərlər,

                                      Xıdıra çıraq qoyarlar.

Misrası da Xıdırın od hamisi olmasına işarədir. Məqalədə bir fikir də maraqlıdır.

Xıdır Nəbi bilavasitə Kiçik Çillənin ilk ongünlüyündə keçirilən xüsusi mərasimlə bağlı olduğu halda, Xızır, dediyimiz kimi, yaşıllıqla, baharla bağdır, əslində bunların bir-biri ilə heç bağlılığı yoxdur. Məqalədə türkoloq V. V. Radlova, professor M. H. Təhmasibə istinadən Xızır günün ağacların yarpaqladığı, otlaqların yaşıllaşdığı gün olduğunu qeyd edilir.

Etnoqraf Asəf Orucov da “Xalq təqvimi” kitabında qeyd edir ki, bizcə Xıdır Nəbi mərasiminin su və yaşıllıqla heç bir əlaqəsi ola bilməz. Naxçıvanın dağlıq bölgəsində bu dövrdə bir metrə qədər qar olur. Deməli, fevral ayında keçirilən Xıdır Nəbi bayramı ilə mayda keçirilən Hıdır-Ellezi qarışdırmaq o qədər düzgün olmazdı. Müəllif sonra qeyd edir: “Təkcə Azərbaycan türkləri deyil digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram Hıdır-Ellez adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında isə aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İğdır bölgəsində isə Xıdır Nəbi bayramı Naxçıvanda olduğu kimi fevral ayında qeyd edilir.

Bildiyimiz kimi, Türkiyənin İğdır bölgəsinin əhalisinin əksəriyyəti 1905, 1918-1920-ci illərdə erməni qırğın və talanları nəticəsində Arazın sol sahilində olan ata-baba torpaqlarından qaçıb Türkiyəyə sığınan həmvətənlərimizdir. Ona görə də Naxçıvanlılar kimi eyni adət-ənənəyə malikdirlər.

Bayramın aprel və ya may ayında  keçirilməsinə gəldikdə isə Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərində belə bir ifadə - “Bu gün Xızır İlyas günüdür. (yayın birinci günü, bayram)” –vardır. Əsərdə “23 aprel” yazılsa da il göstərilməmişdir”.

Qədim Avesta təqvimində il iki fəsildən - 5 ay Qasım adlanan qışdan, 7 ay Xızır adlanan yaydan ibarətdir. 1839-cu ilə qədər bütün İslam ölkələrində olduğu kimi, Türkiyədə də Hicri Qəməri təqvimdən istifadə edilirdi. Fəsillərin bu təqvimdə aylar üzrə yerini dəyişməsi, vergilərin toplanmasında, uçotunda yaranan çətinliyə görə 13 mart 1840-cı ildə Rumi (Günəş) təqvimi rəsmi təqvim statusu aldı. Rumi təqvimində yeni təqvim ilinin başlanğıcı mart ayının biri idi.(1918-ci ildə Türkiyə Respublikası Qriqori təqvimini qəbul etdi). Rumi təqviminə görə 23 apreldə yay-Xızır başlayır, 8 noyabrda isə qış Qasım girirdi. Avesta təqvimindən fərqli olaraq Rumi təqvimində yay qışdan yeddi gün artıqdır. Türkiyənin Anadolu bölgəsində, Balkan türklərində aprelin üçüncü ongünlüyü, mayın altısı (yeni sitillə 23 aprel+13 gün) keçirilən Xızır İlyas bayramı tamamilə fərqli bir bayramdır.

Naxçıvan kəndlərində Xıdır Nəbi müxtəlif vaxtlarda fevralın 5-i qışın yarı olması, fevralın 9-u Kiçik Çillənin yarı olması, fevralın 14-ü (Xızır ə.s anadan olduğu gün) qeyd edilir.

A. Orucov qeyd edir ki, Fəzail Vəliyev  Naxçıvanda “Xıdır Nəbi”nin Kiçik Çillənin ardıcıl olaraq üç cümə axşamında keçirildiyini, birincisinin “Şahlıq Xıdır Nəbisi”, ikincisinin “Bəylik Xıdır Nəbisi”, üçüncüsünün isə “Rəiyyət Xıdır Nəbisi” olduğunu  yazır.

Müəllif onu da  yazır ki, Naxçıvan şəhərində indi də yanlış olaraq Xıdır Nəbi bayramını Kiçik Çillənin ikinci cümə axşamında qeyd edir və dinlə əlaqələndirirlər. Biz bu fikri düz hesab edir, yuxarıdakı yazdıqlarımıza, əsasən, bu qənaətə gəlirik ki, Xıdır Nəbi bayramı ardıcıl olaraq Kiçik Çillənin üç çərşənbəsində (həftənin ikinci günü, oğru buğ, oğru üskülərdə) keçirilmiş, bu gün isə Kiçik Çillənin ikinci cümə axşamı deyil, ikinci çərşənbəsi (6-13 fevral arasında)  keçirilməlidir.

 

                                                                             Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: