Rayonumuzda ailə təsərrüfatlarının inkişafına təminat verən əsas amillərdən biri dövlətin təsərrüfat adamlarına göstərdiyi qayğı və diqqətdirsə, digər amil isə bölgələrimizdə bərəkətli və münbit torpaqların olması, insanların torpağa bağlılığıdır. Bu gün hər bir təsərrüfat adamı torpağı özünün əsas iş yerinə çevirib. Bu da bölgəmizdə məhsul bolluğu yaradıb, insanların yaşayış səviyyəsini yüksəldib.
Culfa rayonunun ərzaq təhlükəsizliyində ailə təsərrüfatlarının rolu böyükdür. Kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan ailə təsərrüfatları daha çox taxıl əkininə üstünlük verir, bu sahənin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edirlər. Kəndlərimizdə ailə təsərrüfatları öz işlərini günün tələbləri səviyyəsində qurur, məhsulların çeşidinə və keyfiyyətinin yüksəldilməsinə diqqəti artırırlar. Bu da "Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasına təkan verir, təsərrüfat adamlarının əkin sahələrini genişləndirməsinə, ümumi məhsul istehsalının artırılmasına gətirib çıxarır.
Ailə təsərrüfatlarında ət və süd məhsullarının artırılması da diqqətdə saxlanılır. Keyfiyyətli məhsul istehsalında, daxili bazarın ət və süd məhsulları ilə təmin edilməsində heyvandarlıqla məşğul olan ailə təsərrüfatlarının əməyi əvəzsizdir. Bütün kəndlərimizdə heyvandarlıq məhsullarının yüksəldilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər bəhrəsini verməkdədir. Əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində rayonumuzun heyvandarlıqla məşğul olan ailə təsərrüfatları da böyük uğurlara imza atırlar. Bənəniyar, Dizə, Kırna, Yaycı, Ərəfsə, Gal, Əlincə, Xoşkeşin kəndlərində ailə təsərrüfatlarında heyvanların baş sayının ilbəil artırılması dediklərimizə əyani sübutdur.
Ailə təsərrüfatlarında heyvandarlıqla yanaşı, quşçuluq da inkişaf etdirilir, bu gəlirli sahə diqqətdə saxlanılır. Əhalinin quş əti və yumurta ilə təmin olunmasında ailə təsərrüfatlarının rolu böyükdür. Gülüstan kəndində Bəhruz İsmayılovun ailə təsərrüfatında hinduşkaların sayının ildən-ilə artırılması və bu sahənin genişləndirilməsi rayonumuzda quş ətinə tələbatın daxili imkanlar hesabına ödənilməsınə öz töhfəsini verir. Təsərrüfat adamı Bəhruz İsmayılov quşçuluğun inkişaf etdirilməsinə xüsusi maraq göstərir, quşçuluğu perspektivli sahə kimi diqqətdə saxlayır.
Rayonumuzda ailə təsərrüfatlarında arıçılıq da inkişaf etdirilib. Çox yaxşı haldır ki, rayonumuzun bütün kəndlərində ailə təsərrüfatlarında arıçılığa maraq artıb. Arıçılıqla məşğul olan təsərrüfat adamlarına dövlət tərəfindən dərman və preparatların verilməsi bu sahəyə marağın artmasına səbəb olub.
İkinci çörək hesab olunan kartof əkini də ailə təsərrüfatlarının məşğul olduqları sahələrdəndir. Rayonumuzun dağ və dağətəyi kəndlərində kartof əkini üçün hər cür şərait vardır. Xüsusən Boyəhməd, Ləkətağ, Xanəgah, Milax, Əlincə, Qazançı və s. kəndlərdə ailə təsərrüfatlarında kartofçuluq diqqətdə saxlanılır ki, bu da yerli istehsal hesabına əhalinin kartofa olan tələbatını yaxşılaşdırır.
Ailə təsərrüfatlarında tərəvəzçiliyin inkişafına da önəm verilir. Bərəkətli torpaqlarda becərilən xiyar, pomidor, soğan, qarpız, qovun bazarda bolluq yaradılmasına xidmət edir. Ailə təsərrüfatlarında istehsal olunan kompotların, şirələrin, turşu və marinatların, mürəbbələrin qablaşdırılması, çeşidlərinin ildən-ilə artırılması əhalinin zövqünü oxşamaqla bərabər, daxili bazarda məhsul bolluğu yaradır.
Rayonumuzda meyvəçilik və üzümçülüyün inkişaf etdirilməsinə də diqqət göstərilir. Ailə təsərrüfatlarında geniş meyvə bağlarının salınması, əhalinin meyvəyə olan tələbatının yaxşılaşdırılmasına təminat verir.
Son illər üzümçülüyün inkişafına da ciddi fikir verilir. Dizə, Kırna, Bənəniyar, Yaycı kəndlərində, Culfa düzündə ailə təsərrüfatlarında yeni-yeni üzüm bağlarının salınması, üzüm məhsullarının: mövüz və kişmişin, üzüm yarpağı, sirkə, çaxır, doşab və s. artırılmasına şərait yaradır.
Dizə kənd sakinləri Sahib Hüseynov və Rasim Hüseynovun ailə təsərrüfatlarında istehsal etdikləri və yüksək zövqlə qablaşdırdıqları üzüm sirkəsi, çaxır, kişmiş, mövüz və üzüm yarpağı festivallarda və məhsul yarmarkalarında alıcıların diqqətini çəkir.
Məhsuldarlığın artırılmasında, şübhəsiz ki, suvarma tədbirlərinin yaxşılaşdırılması da mühüm rol oynayır. Bənəniyar su anbarının, Dizə və Yaycı göllərinin, Araz çayı üzərində quraşdırılmış su nasoslarının, subartezian quyuların, kəhrizlərin təmirinin diqqətdə saxlanılması əhalinin suvarma suyuna olan tələbatının yaxşılaşmasına xidmət göstərir.
2019-cu ildə-"Ailə təsərrüfatları ili"ndə rayonumuzun təsərrüfatları əvvəlki illərdə qazandıqları nailiyyətlərlə kifayətlənməyəcək, cari ildə də kənd təsərrüfatı məhsullarının artırılması, bolluq yaradılması üçün bütün imkanlardan istifadə edəcəklər.
Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti