Kəklikotu dodaqçiçəklilər fəsiləsindən olan bitkidir. Hündürlüyü 20-35 santimetrə çatır. 400-ə yaxın növü var.
Kəklikotu Qərbi və Şərqi Avropada daha çox bitir. Amma muxtar respublikamızın, o cümlədən də Şərur rayonunun dağlıq və dağətəyi yerlərindən də kifayət qədər müxtəlif ətirli kəklikotu yığmaq olar.
Kəklikotunun əsas təsiredici maddəsi tərkibində olan efir yağıdır. Bu yağın 10-80 faizi ətirli maddələrdən ibarətdir. Bundan əlavə, bitkinin tərkibində peyvənd maddəsi, kamed, flavanoid, ursol və olenaol adlanan turşular da vardır.
Kəklikotudan kulinariyada, xüsusilə konservləşdirmədə, həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Bu bitkinin ən geniş istifadə olunduğu sahələrdən biri də təbabətdir.
Kəklikotunun faydaları:
- sakitləşdirici təsirə malikdir;
- immuniteti artırır;
- soyuqdəyməyə və ağ ciyər xəstəliklərinə qarşı faydalıdır;
- revmatizm, spazma, zökəm və qripin müalicəsində yararlıdır;
- diş ağrısını və öskürəyi kəsir;
- damarları möhkəmləndirir;
- qanda xolestrinin miqdarını, qan dövranını nizamlayır;
- yuxusuzluğu, qanazlığını aradan qaldırır;
- üzdə təravəti artırır, əhval-ruhiyyəni yaxşılaşdırır və sair.
Muxtar respublikamızın ərazisində, həmçinin rayonumuzun Havuş, Axura, Tənənəm, Şahbulaq dağlarında bitən kəklikotu ilə dəmlənən çayın ətri və dadı əvəzsizdir.
“Şərurun səsi” qəzeti