Naxçıvanda fəaliyyət göstərən 51 ictimai-iaşə obyektində qaz-toztutucu qurğu quraşdırılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti tərəfindən muxtar respublikada “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericlik aktlarına uyğun olaraq mütəmadi olaraq reyd-yoxlamalar və monitorinqlər keçirilir.
NUHÇIXAN xəbər verir ki, bu məqsədlə 05 sentyabr 2024-cü ildə Naxçıvan şəhərində yerləşən bir neçə ictimai-iaşə obyektlərinə və Babək rayonunda yerləşən gəc sexlərinə baxış keçirilib.
Baxış zamanı qaz-toztutucu qurğu quraşdırılan ictimai-iaşə obyektlərinin sahibkarları ilə qurğulara texniki xidmət göstərilməsi, filtrlərinin vaxtında təmizlənməsi üçün zəruri tədbirlərin görülməsi barədə söhbətlər aparılıb, gəc sexlərinin sahibkarlarına isə, ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələb sənədinin icra müddəti ərzində qaz-toztutucu qurğuların quraşdırılmasının vacibliyi bildirilib.
Məlumat üçün bildirək ki, 2024-cü ilin ötən dövrü ərzində “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29”la bağlı Naxçıvan Muxtar Respublikasında görüləcək işlərə dair “Tədbirlər Planı”nın müvafiq bəndinin icrası məqsədilə Xidmət tərəfindən qanunvericiliyə uyğun olaraq qaz-toztutucu qurğu olmadan fəaliyyət göstərən ümumilikdə 100 olmaqla 95 ictimai-iaşə obyektinə və 5 gəc sexinə “ekoloji tələb” qoyulub. Nəticədə “ekoloji tələb”lərin icra müddəti ərzində 51 ictimai-iaşə obyekti qaz-toztutucu qurğu quraşdırılmasını təmin edib, qaztoztutucu qurğu quraşdırmadan fəaliyyət göstərən 15 müəssisəyə qanunvericiliyə uyğun olaraq cərimə tətbiq edilib.
Qeyd edək ki, Xidmət tərəfindən 34 müəssisəyə qoyulmuş “ekoloji tələb”in icra müddəti nəzarətdə saxlanılacaq, qaztoztutucu qurğu quraşdırmadan fəaliyyət göstərən müəssisələr barəsində isə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcəkdir.