Alim, ziyalı, fəhlə, kasıb ya dövlətli, kim olursa olsun valideyn imkanı daxilində uşağının tərbiyəsinin taleyi ilə maraqlanmalı, ona biganə qalmamalıdır. Əks təqdirdə uşağın həyat yolu təhlükəli olar. Yaşadığımız çağdaş dövrümüzdə valideyndən uşağına səmimi münasibət, bir-birinə inam və etibar, uşağın ehtiyacını, onun daxili aləmini yaxşı bilməyi, onlar üçün ağıllı tədbirlər qəbul edib, zərurilərini təmin etməyi, zərərli olanlardan qorumağı tələb edir.
Bu gün bəzi ailə tərbiyəsində ən böyük nöqsan uşağa qarşı vahid tələbin olmamasıdır. Müşahidələrimizə görə bir çox ailələrdə, ata ilə ana arasında uşaqlarının tərbiyəsinə qarşı vahid tələb və həmrəylik olmur. Bəzən atanın uşağa qarşı qoyduğu tələbə ana qarşı çıxır, bəzən də əksinə.
Qeyd etdiyimiz kimi bu gün Azərbaycan ailəsini müşahidə etdikdə bir sıra nöqsanların mövcudluğunun şahidi oluruq. Buna misal olaraq uşaq nəzarətsizliyini, uşağa verilən sərbəstliyi, ərköyünlük və s. kimi halları göstərmək olar. Ailədə ata-ana, digər ailə üzvləri uşağın tərbiyəsinə qarşı vahid tələb irəli sürməli və bunu ailə tərbiyəsinin mühüm bir şərti kimi nəzərə almalıdırlar. Ata-anadan uşağa qarşı yüksək dərəcədə həssaslıq, qayğıkeşlik və onun şəxsiyyətinə yüksək ehtiram olmalıdır, lakin heç bir zaman yersiz güzəştə getmək, uşaq şıltaqlığına yol verməmək, ona qarşı düzgün tərbiyəvi tələbləri zəiflətməmək lazımdır. Tələblə hörmət, cəza ilə məhəbbəti ahəngdar birləşdirmək prinsipi əsas götürülməlidir. Ailədə uşağı sadəcə özünün və ailəsinin mənafeyini güdən məhdud düşüncəli fərd kimi tərbiyə etmək deyil, ictimai-qayəli, insanlığa fayda verə biləcək şəxsiyyət kimi tərbiyə etmək lazımdır. Uşaqların dəyanətli, xalqa sadiq, mərd, namuslu vətəndaş olmaları üçün, ata, ana və ya yaşlı ailə üzvləri özləri də təmiz, saf əxlaq nümunəsinə, namuslu davranış qaydalarına malik olmalıdırlar. Ata-ana həmçinin uşaqlarda, ətraf mühitə müsbət yanaşmaq və müstəqil düşünmək, hərəkət etmək bacarığını inkişaf etdirməyə çalışmalıdırlar.
Uşağın gələcək kişi və qadın etalonu kimi formalaşmasının əsası məhz ailədə qoyulur. Bu məsələyə ayrıca diqqət yetirmək lazımdır.
Uşağın tərbiyəsində müəyyən edilmiş adət-ənənələr də mövcuddur. Ailədə oğlan və qız uşaqlarını tərbiyə edərkən, adətən, bu adət və ənənələr gözlənilir. Hər bir valideyn cəmiyyətdə bərqərar olmuş kişilik və qadınlıq etalonlarını nəzərə alır, oğlanlara kişi, qızlara qadın üçün səciyyəvi tələbat, maraq və xasiyyət əlamətləri, adət və vərdişlər, davranış və rəftar qaydaları aşılanmalıdır.
Bildiyimiz kimi qızlar daha çox anaları ilə ünsiyyətdən, dialoqdan bir çox şeyləri mənimsəyirlər. Onlarda mehribanlıq, nəzakətlilik, təmkinlilik və s. kimi qız üçün səciyyəvi keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirilir.
Oğlan uşaqları isə atalarından daha çox nümunə götürürlər. Onlar da təmkinlilik, dözümlülük, mərdlik və s. kimi xüsusiyyətləri mənimsəyirlər.
Uşaqların gələcəkdə qadın və kişi kimi də müstəqil yer tutmalarında valideynlərin davranışı çox mühümdür. Atanın bir kişi, ananın isə qadın kimi nümunəsi uşaqlarına münasibətinin xarakteri ilə də əhəmiyyətlidir.
Bir çox analar çox vaxt uşaqların cinsi xüsusiyyətlərini kifayət qədər nəzərə almır, bir uşaq, bir övlad kimi onları bir-birindən əslində seçmirlər; qıza da, oğlana da eyni dərəcədə qayğı ilə yanaşırlar. Əlbəttə, ana qayğısı, ana şəfqəti lazımdır.
Lakin belə bir qayğılı ana münasibəti ilə ata münasibətində müəyyən sərhəd istər-istəməz özünü göstərir. Belə ki, atalar analardan fərqli olaraq davranış və rəftarında uşaqların cinsi xüsusiyyətlərinə daha çox diqqət yetirirlər. Bu baxımdan onlar uşaqların kişi və qadın rollarını mənimsəməsində daha təsirli rol oynayırlar. Uşaqlar atanın qayğı və zabitəsində özlərini xoşbəxt hiss edirlər. Atanın hətta qısa bir müddət ərzində - 6 ay, 1 il evdə olmaması nəticəsində övladlarda, xüsusilə oğlan uşaqlarında tədricən qorxaqlıq, qaradinməzlik, tənbəllik, tərslik, özbaşınalıq, əsəbilik və s. kimi mənfi əlamətlər əmələ gəlir.
Oğlan uşaqları özlərini ataları ilə eyniləşdirir, onun bir çox hərəkətlərini təqlid yolu ilə mənimsəyirlər. Bu mənada biz ailədə uşaqların tərbiyəsində atanın xüsusi məsuliyyət daşımasından danışmalıyıq.
Oğlan uşağı üçün ata ağıl, iradə qüvvəsi , kişi əzəməti nümunəsidir. Ata oğlunu tərbiyə etməklə, həm da özünü tərbiyə edir və dəyişir. Öz oğlunun simasında gələcək kişinin formalaşmasını görmək və ona bu sahədə ən yaxşı davranış nümunəsi göstərmək o deməkdir ki, ata özünün kişi ləyaqətini qoruyur, daha da inkişaf etdirir. Ailə pedaqogikasının müdrikliyi də elə bundadır.
Müşahidələr göstərir ki, lap kiçik yaşlarından atası ilə kifayət qədər ünsiyyət imkanına malik olmayan oğlanlar sonralar çox vaxt öz atalıq vəzifələrini icra etməkdə çətinlik çəkirlər. Atasız tərbiyə olunan oğlanlar isə əlverişli şəraitdə ya qadın davranış tipini mənimsəyir, ya da onlarda kişi davranışı haqqında yanlış təsəvvürlər formalaşır.
Qızların da mənəvi inkişafını atasız təsəvvür etmək çətindir. Oğlan uşağının həyatında ana nə qədər böyük rol oynayırsa, qız uşaqınında hayatında ata bir o qədər rol oynayır. Burda bir sıra misallar göstərmək olar. Lakin onları bir məna birləşdirir: uşaqların tərbiyəsi və mənəvi inkişafı həm ana, həm də ata ilə bağlıdır.
Yekun olaraq qeyd edək ki, valideynlərin uşaq və yeniyetmələrlə sosial-siyasi mövzularda söhbətləri də böyük əhəmiyyətə malikdir. Valideynlər uşaqlara ən yaxın adamlardır; uşaqlar, bir qayda olaraq, onlara hamıdan çox inanır, etibar edirlər. Valideynlərin ictimai hadisələrə verdikləri qiymətlər əslində onlar üçün vətəndaşlıq dərsidir. Valideynlərin əməyə münasibəti, öz biliyini, istedadını vətənimizin çiçəklənməsinə həsr etməsi, düzgünlüyü və prinsipiallığı, səmimiliyi, təvazökarlığı uşaq və yeniyetmələrin şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərir. Tədqiqatlar göstərir ki, valideynlərin heç də hamısı bu imkanlardan eyni dərəcədə istifadə edə bilmirlər. Lakin bir cəhət şübhəsizdir ki, valideynlərlə uşaq arasındakı münasibətlər nə qədər əlverişli olsa, onların uşaq və yeniyetmələrin şəxsiyyətinin formalaşmasına təsiri bir o qədər möhkəm və səmərəli olar.
Ruhəngiz Əliyeva
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi