Limon ailə təsərrüfatlarına yüksək qazanc gətirən bitkidir

A- A A+

Muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır. Ailə üzvlərinin birgə əməyinə əsaslanan belə təsərrüfat formaları Naxçıvanda min illər ərzində yaranmış, böyük yol keçərək hazırkı inkişaf səviyyəsinə çatı. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına imkan verib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə diyarımızda müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açıb.

Xatırladaq ki, hələ iki il bundan əvvəl – beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqındakı çıxışında bu məqama toxunaraq demişdir: “...Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.

Ailə təsərrüfatlarının inkişaf etdirilib təkmilləşdirilməsinin ətraflı təhlilini aparmaq məqsədi ilə Ordubad rayonuna səfər etdik. “Dəstə başı” deyilən yol ayrıcında dayanıb rayonda limonçuluqla məşğul olan təsərrüfat sahibini soruşduq. Sorğumuzun məram və məqsədinə varmayan bir zəhmət adamı Vənənd kənd sakini Zahid Əkbərovu nişan verdi. Onun zəhmətsevərliyi və bacarıqlı olması haqqında ağız dolusu danışdı.

Biz də üz tutduq Vənənd kəndinə. Zahid müəllimlə görüşüb gəlişimizin məqsədi haqqına qısa söhbət etdik və limonçuluqla məşğul olan ailə təsərrüfatına dəvət olunduq. Əvvəlcə onu qeyd edək ki, Zahid Əkbərov ixtisasca aqronomdur. Dediyinə görə limonçuluq olduqca gəlirli sahədir. Bu işlə ciddi məşğul olsan və aqrotexniki tədbirləri düzgün yerinə yetirsən yüksək qazanc əldə etmək mümkündür. Zahid Əkbərov neçə illərdir ki, limonçuluqdan yaxşı gəlir götürür.

Qeyd edək ki, Ordubadda məşhur olan limon koltipli və həmdə çox faydalı bir bitkidir. Bəs bu qiymətli bitkini necə əkib becərək ki, yaxşı nəticələr əldə edək?

Limon bitkisi vegetativ və generativ üsulla artırıla bilir. Ordubadda vegetativ artırma üsuluna önəm verildiyindən bu üsullara nəzər salaq.

Birillik və ya 2 illik budaq gövdəyə bitişik yerdən 3-5 santimetr aralı 2 santimetr enində qabıq gövdənin üzərindən alınır. Bu vaxt 0.5-0.8 santimetr ölçüdə qabıq gövdədə saxlanılır. Ağzı açıq 0.8-1.0 litirlik konserv qabı götürülərək yan və oturacaq hissəsi birtərəfli kəsilir, alt hissədə budağın diametrindən asılı olaraq genişləndirilmə aparılır. Soyulmuş qabığın gövdəyə tərəf hissəsi pambıq parça ilə sarınır və konserv qutusu aralanaraq budaqcığın parça ilə sarınmış hissəsi qutunun oturacaq huissəsinə söykənir. Qutu adi iplə bağlanılır və 3/ 4 nisbəti hissəsinə qədər qida qarışığı-torpaqla ilə doldurulur. Diqqət yetirilməlidir ki, budaqcığın kəsilmiş qabıq hissəsi qabın içərisində qalsın. Beçəyə qoyulan budaqcığın qida mühitinin yaradılması üçün qida qarışığından istifadə olunmalıdır. (Qida qarışığı hazırlamaq üçün 3,0 hissə torpaq və 1,0 hissə çürümüş peyin götürülüb qarışdırılır). Budaqcıqa keçirdiyimiz qutu tərpənməsin deyə yaxşı olar ki, səlqə ilə gövdəyə bağlanılsın.

Beçənin su rejiminin tənzimlənməsi ana kolda olduğu kimidir. Suvarmadan sonra qida mühiti qutunun 3/ 4 hissəsindən aşağı düşərsə əlavə qida qarışığı verilməlidir. Bu iş may ayının əvvəlindən iyun ayının üçüncü ongünlüyünə qədər davam etdirilir.

Qutuda ehtiyatla müayinə aparılaraq beçənin cil verməyi müəyyənləşdirilməlidir Əgər becədə əkin üçün köklər formalaşıbsa onda ehtiyatla həddindən artıq iti, kəsicilik qabliyyəti olan alətlə ana budaqdan ayrılıb, daimi becəriləcək dibçəklərə köçürülür.

Dibçəkdə olan ana kollar ilk yazda açıq hava şəraitinə çıxarılanda, hər bir dibçəyə 5 qram universal gübrə ( makro və mikro gübrələrin qarışığı) verilərək torpağı yumşaltmaq lazımdır. Aprel, may, iyun və oktyabr ayları ərzində gübrələmə aparılır. Əlavə olaraq dibçəklərə kompost hazırlanıb verilməlidir. Bunun üçün 10 kiloqram mal peyini və 2 kiloqram quş zılı götürülüb, dəmir çəllək və ya böyük həcm tutumlu ləyənlərdə üzərinə 20 litr su tökülərək qarışdırılır. Havanın temperaturundan asılı olaraq 5-8 gün müddətində qıcqırma başlayacaqdır. Hər gün bir dəfə bu məhlulu qarışdırmaq lazımdır. Hər 15 gündən bir 250- 300 milliqram həcmində götürüb dibçəkdə olan ana bitkilərin yemləndirilməsi təmin olunmalıdır.

Limon bitkisi suvarma suyuna tələbkardır. Beləliklə su rejiminin tənzimlənməsi məqsədilə aprel və may ayları gün ərzində bir dəfə, sentyabr, oktyabr aylarında 2 gündən bir səhər vaxtlarında suvarma aparılmalıdır. Suvarma suyunun miqdarı kolun böyüklüyündən asılı olaraq 0,6 litirdən- 1,5 litirə qədər tətbiq oluna bilər. Qış şəraitində suvarma 10-12 gündən bir aparılmalıdır.

Limonun təzə sixilmiş şirəsi C vitamini ilə zəngindir, lakin onun əksər hissəsi açıq havada tez dağılır. Limonun tərkibində R vitamini var. İnsan orqanizmində onun qıtlığı qanaxmalara, ayağ ağrılarına, dərialtı qansızmalara, ümumi zəifliyə gətirib çıxarda bilər. Yüngül zərbədən ya da sıxmadan göyərti əmələ gələn halda, bu orqanizmdə limonda çoxlu miqdarda olan S və V vitaminlərin çatmazlığından xəbər verir. Limon təbiətin ən böyük möcüzələrindəndir. Tibb elminə 500-dən çox virus məlumdur ki, onlardan 45-nə limon təsir edir, o cümlədən xərcəng virusuna. Limon şirəsi virus xəstəlikləri ilə mubarizədə birinci vasitədir.

Limonun meyvələri eyni zamanda C və P vitaminlərilə də zəngindir. Bu vitaminlər limon meyvələrinin qabıq hissələrində daha çox olur. Odur ki, limonlu çayın çox içilməsinin böyük müalicəvi əhəmiyyəti vardır. Limon həm də çox qüvvətli bakterisid təsirə malikdir. O, angina və avitaminoz xəstəliklərinə qarşı ən effektli vasitədir.

 

Əsgər Həsənov

Naxçıvan Muxtar Respublikası,

 Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri 

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: