Uğurlu dövlət siyasəti sədərəkliləri sevindirir

A- A A+

1990-cı il avqust ayının 28-də muxtar respublikanın inzibati ərazi bölgüsünə rayon kimi daxil edilən Sədərəyi ümummilli liderimiz Heydər Əliyev “Qeyrət Qalası” adlandırırdı. 2002-ci ilin avqust ayında bölgə ictimaiyyəti ilə görüşən ulu öndərimiz demişdir: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir. Vaxtilə 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim. Layihələr hazırlandı, qəsəbə tikildi və sədərəklilərin bəziləri də buraya köçüb yaşamağa başladılar”.

Rayon ağsaqqalı, müharibə veteranı Cəlil Əliyev deyir ki, məlum hadisələr başlayandan sonra 1990-1993-cü illərdə ermənilər 14 dəfə Sədərəyə hücuma keçiblər. İlk döyüş 1990-cı il yanvar ayının 18-də olub. Həmin ilin mart ayında ermənilər Sədərəyə 300-ə yaxın top mərmisi atıblar, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdıblar. Həmin illərdə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 12 rayonundan Sədərəyə kömək gəlib. Döyüşlərdə 108 nəfər şəhid olub ki, onların 52 nəfəri rayonun yetirmələri idi.

Cəlil Əliyevlə söhbətimiz zamanı Ulu öndərin sözlərini xatırlayırıq: “Muxtar respublikanın sərhəd kənd­ləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür”.

Yenə o illərə qayıdırıq. Güllə səslərindən qulaq tutulan, həyət-bacaları dağılan Sədərəkdə 1993-cü il avqust ayının 13-də axırıncı döyüşdə ermənilər “Qeyrət Qalası”nı qoruyan qeyrətli oğullara bata bilməyəcəklərini anlayıblar. Sədərək belə qorunub. Bu gün də qorunur. Özü də yüksək səviyyədə həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Bu məqamda istər-istəməz ulu Dədə Qorqudun aforizmə çevrilmiş sözlərini xatırlayırsan: “Torpağı qorumursansa, becərməyinə, becərmirsənsə, qorumağına dəyməz”. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 15 mart tarixdə imzaladığı “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” Sərəncamın əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Məhz bu sərəncam sərhəd bölgəsinin öz simasını tamamilə dəyişməsinə səbəb olub. Adıçəkilən sənəd imzalandıqdan sonra onun icrası istiqamətində görülən işlər, həyata keçirilən digər məqsədyönlü tədbirlər Sədərəyi müasir rayona çevirib. Bunu rayon həyatının bütün sahələrində görmək olar.

Rayon mərkəzi Heydərabad qəsəbəsi düşmənin bir addımlığındadır və bu gün mənfur ermənilərə ən böyük gözdağıdır. Burada son illərdə müasir tələblərə cavab verən onlarla ikimərtəbəli yaşayış evləri, rayonun idarə, müəssisə və təşkilatları üçün inzibati binalar tikilib. Bu tədbirlər hər il də davam etdirilib.

Sədərəklilərin bir sözü var, onlar deyir ki, bu gün qovuşduğumuz bu işıqlı həyat tərzi məhz Heydər Əliyev ideyalarının işığı hesabına mümkün olub... Bu işığın heç vaxt sönməyəcək ziyası sərhəd bölgəsini daha xoş sabahlara aparır.

 

Sərxan İsmayılov

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: