Ocaq

A- A A+

Bir obada  çatılan  ocağın  alovlandığı yerə ata ocağı dedi ulularımız.  O, ocaqda ayaq açan igidlərin körpəliyi,  şux qamətli, incə belli, qara teli gözəllərin  ilk beşiyi yırğalanıb.   Piranilər, nuranilər  nağıl dedi o  ocaqda. O nağıllar aləmində ocaq yandı, yağı gəldi,  elin igid oğulları vuruşdular. Qaçan-qaçdı, qaçmayanı qəhrəmanlar yerə sərdi.

O nağıllar aləmində  yurdumuza  dost da  gəldi. Dağ başında  ocaq yandı, burum-burum  tüstü qalxdı. Bu ocağın  özü ulu, adı qeyrət. Bu ocağın istisində boya-başa çatan mərdlik nəsil-nəsil yaşadıqca böyüyünə  hörmət dedi,  olanına sərvət dedi, uğuruna qüvvət dedi ulu babam. Zaman-zaman  ocaq dönüb oba oldu, oymaq oldu. Ocaq dönüb bir mehriban qucaq oldu. Bu ocağın işığında körpələri  dil açdılar, qönçələnib gül açdılar.

Bu ocağın layla deyən, nağıl deyən, uluları qocalmadı. Qocalmadı nəsilləri yola salan  adətimiz-ənənəmiz,  keçmişimiz. İşıq saldı ocağımız ədalətə, ülviyyətə, sədaqətə, mətanətə. Ulularım  torpaq üçün, bu xalq üçün vuruşana qoçaq dedi, şəhid dedi, oğul dedi. Oğullarsa Vətən deyib baş əydilər o torpağa.

Bu ocağın işığına pərvanətək yığılana “Elim”- dedi Dədəm Qorqud. Kədərinə yas tutuldu, şadlığına toy quruldu, dar günündə ocaq yandı dilim-dilim. Bu ocağın qeyrətini, hörmətini uca tutan  oğulları, igidləri, şəhidləri yaşadılar bu millətin, bu Vətənin ürəyində. Ulu babam hörmət dedi, sərvət dedi, qeyrət dedi, öyüd verdi  nağıllarda oğullara.

Bu el, oba yurda döndü Qoca Şərqin qapısında. Oğulları od ürəkli, şir biləkli, ay üzlüdür şən qızları, gəlinləri. Bir Ocağa döndərdilər bu yerləri. Odu gurdur, lap dünyaya işıq saçır. Qucaq açır hər xoş  niyyət ilə gələnlərə, uğur yol arzulayır bir dost kimi gedənlərə.   Haqdan yanır bu Ocağın alovları, deyir elə yanım... yanım... Bu ocağım sənsən, mənim  Naxçıvanım !!!  

 

                                                                                Şəhla Nəbiyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: