Yolumuz abad, ucqar dağ kəndinədir- Şurud - FOTOLAR
Culfa rayonunun yaşayış məntəqələrindən hər birinin özünəməxsus gözəlliyi, füsunkar təbiəti vardır. Belə kəndlərdən biri də Şuruddur. Bu yaşayış məntəqəsi rayon mərkəzindən 23 kilometr şimalda, hündür dağ silsiləsinin ətəyində yerləşir.
Şurud həm də muxtar respublikamızın abad və müasir kəndləri sırasına qoşulan ünvanlardan biridir. Kəndə gələn hər kəs ilk növbədə dövlətimizin burada yaratdığı quruculuq töhfələri ilə qarşılaşır. Bu yeni tikililər 2015-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xeyir-duası ilə sakinlərin ixtiyarına verilib. Kənd sakinləri əsasən əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olur.
Son illər muxtar respublikada arıçılığın inkişafına göstərilən dövlət qayğısı, qəbul olunmuş dövlət proqramları sahibkarlığın bu sahəyə olan marağını artırıb. Şurudda 1500-dən çox arı ailəsi saxlanılır.
Buranın təbiəti, iqlimi arıçılıq üçün olduqca əlverişlidir. Bitki örtüyünün də zəngin olması burada arıların keyfiyyətli bal toplamasına münbit şərait yaradır. Bu sahə ilə məşğul olanlara dövlət qayğısı da var. Arı xəstəliklərinin qarşısını almaq üçün vaxtlı-vaxtında dərmanlarla təchiz olunurlar. Baytar həkimlər də mütəmadi olaraq arı ailələrinə baxır, profilaktik tədbirlər aparırlar.
Ulularımız deyib ki, torpaq onu əkib-becərənindir. Ata-babalarımız tarix boyu həmişə torpağın əkilməsi qayğısına qalıb, bütün nemətlərin beşiyi olan müqəddəs torpağın əkilməsini diqqətdə saxlayıblar. Bu gün torpaqda çalışan kənd əməkçiləri yaxşı bilir ki, torpağa bağlı olan, onun dilini bilən, ona məhəbbətlə yanaşan heç zaman korluq çəkməz, süfrəsi bol çörəkli olar. Şurud kəndi dağlıq ərazi olduğundan əkinçiliklə məşğul olan insanlar taxılçılıqda əsasən dəmyə şəraitinə üstünlük verirlər. Şurudlular təsərrüfat suyu və içməli su sarıdan korluq çəkmirlər. Arazın qolu olan Qaradərə çayı öz başlanğıcını başı üzərindəki hündür zirvələrdən alır. Əsasən yaz, yay, payız aylarında yağan yağışlar hesabına qidalanır. Əkinçilikdə əsasən Qaradərə çayının və Şah Abbas gölünün (deyilənlərə görə bu gölü vaxtilə Səfəvi hökmdarı Şah Abbas tikdirib) suyundan istifadə edilir. İş yerini torpaq bilən zəhmətkeş ailələr çörəklərini torpaqdan qazanırlar.
Kəndin sakinləri torpağı becərməklə yanaşı təbiətin bəxş etdiyi digər nemətləri də toplayıb güzəranları üçün istifadə edirlər. Yazda toplanan dağ pencərləri və şəfalı bitkilərdən qışa hazırlıq görürlər. Qışda süfrələri onlarsız təsəvvür etmək ümükün deyil. Çaşır, baldırğan, şomu və boludan hazırlanan turşu təkcə ağız dadı deyil, həm də sağlam qidadır.
Kənd sakinləri hazırladıqları məhsulların əksəriyyətini qışda bazara çıxarmaq üçün nəzərdə tutur. Həmçinin həmərsin çiçəyindən, meyvəsindən, yemişandan mürəbbə və kompotlar hazırlanır. Bu mürəbbə və kompotlar milli mətbəximizin ən füsunkar nemətlərindəndir. Elə ailələr var ki, mövsümündə 100-dən çox mürəbbə, kompot və müxtəlif cür hazırlanmış turşular satır. Onu da deyək ki, bu məhsullara bazarlarımızda həmişə tələbat var. İnsanları ruhlandıran dövlətimizin ailə təsərrüfatına göstərdiyi ən böyük dəstəkdir.
Şurudlular heyvandarlıq və maldarlıqla da məşğul olur. Bunun üçün yetərincə münbit təbii şərait var.
Kənddə tibbi xidmətin təşkilinə və əhalinin sağlamlığının etibarlı qorunmasına xüsusi diqqət yetirilir. Burada tibb işçiləri üçün yaradılan şərait, sakinlərin bir yerə getmədən müalicə və müayinə olunması səhiyyə xidmətinin keyfiyyətinin yüksək olmasından xəbər verir.
Məktəbin pedaqoji heyəti isə vətənpərvər gənclərin yetişdirilməsi üçün səylə çalışır. Məktəbin nailiyyətlərinə gəlincə onu deyə bilərik ki, məktəbdə tələbkarlıq var, tədrisin səviyyəsi yüksəkdir.
Şurud kənd tam orta məktəbinin pedaqoji heyəti 15 nəfərdən ibarətdir. Son 10 ildə-2008-2018-ci illərdə məktəb ali məktəblərə qəbul imtahanında yüz faizli nəticə göstərib. Bu dövr ərzində ali məktəbə 55 məzun qəbul olunub. Onlardan 16 nəfəri 500-dən yuxarı bal toplayıb. Ali məktəbi bitirənlərdən 9 nəfəri hazırda kənddə işləyir.
Kənddə insanların mənəvi istirahətinin təmin olunması qayğısına da qalınır. Sakinlər üçün kitabxana yaradılıb. Kitabxanada oxunması zəruri olan kitabların da vaxtaşırı mütaliəsi keçirilir. Poçt şöbəsində isə kommunal xidmət haqlarının və digər ödənişlərin aparılması üçün lazımi şərait yaradılıb.
Bir sözlə, yaşayış məntəqəsində yaxşı yaşamaq üçün bütün zəruri tədbirlər həyata keçirilib. Ən əsası odur ki, sakinlərin rahatlığına xidmət edən fasiləsiz şölələnən qaz və elektrik enerjisi var. Ona görə də qış fəsli şurudluları qorxutmur.
Hüseyn Şəkərəliyev
“Arazın səsi” qəzeti