Bu gün polkovnik-leytenant Elşad Nağıyevin şəhadətə yüksəlməsinin 30 ili tamam olur. Xalqın fəxr duyduğu qəhrəmanı tanıyanlar onu “qartal baxışlı”, “diplomat düşüncəli”, mehriban və səmimi komandir kimi xatırlayırlar. Döyüş yoldaşları komandirdən söhbət salanda “onun kimi bir oğul, bu vətənin ən böyük mükafatı idi”, -deyirlər. Qəhrəmanın peşəkar hərbçi olması ilə bərabər, böyük səbri, əzmi, vətənə bəslədiyi sevgisi onu məhz, hamıdan fərqli edirdi...
Culfa rayonunun yetirməsi olan Elşad 1963-cü ildə Nağıyevlər ailəsində dünyaya göz açır. Orta məktəbi rayonda başa vuran qəhrəmanın gənclik çağından qəlbində böyütdüyü vətən sevgisi onu şərəfli sənəti seçməyə həvəsləndirir. Bu istəklə o, Ukraynanın Donetsk şəhərinə gələrək Ali Hərbi Məktəbə daxil olur. Hərbi sirləri dərindən öyrənən Elşad Nağıyev peşəkar zabit kimi Sovet ordusunda xidmətinə başlayır. Ukraynada bir müddət xidmətini yerinə yetirən Elşad tərkibində olduğu bölüklə Əfqanıstana göndərilir. Burada qızğın döyüşlərdə igidcəsinə döyüşən qəhrəman 1986-cı ilin yaz aylarında geri qayıdaraq “N” nömrəli taburda bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunaraq xidmətinə davam edir. Sonralar Elşad Nağıyev 342-ci alayda bölük komandirinin müavini, 329-cu, 34-cü, 370-ci alaylarda isə komandir müavi olaraq bir çox fərli vəzifələrdə təcrübəli zabit kimi xidmət edir. Xidməti dövründə Ali Hərbi Siyasi Akademiyaya daxil olan qəhrəman 3 il müddətində təhsil alaraq hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi biliklərini artırır. 1992-ci ildə Azərbaycan Milli Ordusunun yaranmasında müstəsna xidmətləri olan Elşad Nağıyev “N” hərbi hissədə komandir vəzifəsində doğma vətəninə xidmətini böyük sevgi ilə yerinə yetirir. Qəhrəmanın misilsiz xidmətlərindən biri Ordubad rayonunun uca dağlıq ərazisində yerləşən “Soyuq” adlanan sərhəd ərazilərinin erməni təcavüzündən qorunması olur.
1990-cı ildən Naxçıvan Muxtar Respublikasına hücumlara başlayan ermənilər, Sədərək rayonunu ağır artileriya atəşinə tutur. Dəhşətli hücumların qarşısını almağa göndərilən Elşad Nağıyev təcrübəli və peşəkar xidməti ilə bölgənin düşməndən müdafiəsini təmin etməklə bərabər, rayonda taktiki-döyüş və istehkam qurğularının yaradılmasına, eyni zamanda orduda nizam-intizamın möhkəmləndirilməsinə nail olur. Bütün bu qəhrəmanlığı və xidmətləri qarşısında 31 yaşlı gənc zabit polkovnik-leytenant rütbəsinə layiq görülür.
İgidlik, mərdlik nümunəsi olan polkovnik-leytenant Elşad Nağıyev rütbəsini çox daşıya bilmir. O, 1994-cü ildə Sədərək rayonunun qorunması uğrunda apardığı əməliyyatlar zamanı ali məqama yüksələrək şəhid adını qazanır. Qəhrəman Culfa şəhər qəbiristanlığında dəfn olunur.
Ölkənin ərazi bütövlüyünün qorunmasında şəxsi igidlik göstərib, Milli Ordunun hərbi
hissələri qarşısında qoyulmuş tapşırıqların qüsursuz yerinə yetirən Elşad Arif oğlu Nağıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir.
Xatirəsi əziz tutulan qəhrəmanın adı Culfa şəhərinin mərkəzi küçələrindən birinə verilib və Culfa şəhər Şəhidlər Abidə Kompleksində büstü qoyulubdur.
30 illik şəhadətin mübarəkdir, polkovnik-leytenant! İgidliyin, qısa və nümunəvi ömrünlə gənclərimizə ən böyük örnək oldun. Həmin gənclər 44 günlük Vətən müharibəsində sənin timsalında bütün qəhrəmanlarımızın qisasını düşmənlərdən mərdliklə aldı. Ruhunuz şad olsun! Uğruna canınızı verdiyiniz Vətənimiz bütövdür və göz bəbəyi kimi qorunur.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı