“İstəyirəm ki, kimsə mənim zəhləmi tökməsin”

A- A A+

Bu sözlər 1828-ci ilin sərin sentyabr ayında təkcə Rusiyanın deyil, bütün dünyanın dahi yazıçısı, ədəbi klassiki, şedevr yazar kimi adını ədəbiyyat tarixinə qızıl hərflərlə yazan Lev Nikolayeviç Tolstoyun ömrünün son günlərində dediyi son sözləri olub. 1828-ci ildə varlı bir ailənin övladı olaraq Yasnaya-Polyanada dünyaya göz açan Tolstoy yazdığı bütün əsərlərində insana yaxınlığı, düşündürücülüyü və fəlsəfəsi ilə bir çox yazarlardan fərqlənib. Çalışqan və savadlı olan bu gənc fransız dilini inkişaf etdirərək təhsilini üçün Moskovaya yollanır. O oxuduğu yazarlar arasında Volter və Jan Jak Russodan çox təsirlənib.

1854-cü ildə Krım müharibəsinə zabit olaraq qatılan Tolstoy əsgərliyi başa vurduqdan sonra Peterburqa döndü. Qərbi Avropa ölkələrinə Almaniya, Fransa, İsveçrəyə səyahət edib yenə Yasnaya-Polyanaya yerləşdi. Zadəganlıq titulundan imtina edərək kəndində maarifçilik və tədris təşkil etmək üçün bir məktəb açdırdı. 1862-ci ildə Sofiya Berslə ailə qurdu. Bütün sərvətini kəndlilərə paylayan Tolstoy “Kreyser sonatası”, “Ağa və kölə”, “Qaranlıqların Gücü”, “İman nədir”, “İncilər”, “Kilsə və Dövlət”, “Etiraflarım” əsərlərini bu illərdə yazdı. Dünyagörüşü və yaradıcılığında İslam dininin rolunun böyük olduğu yazar həmin dönəmlərdə “Diriliş”, “Gəncliyim”, “Uşaqlıq”, “Hacı Murad”, “Ayaqlanış”, “Sergey ata”, “Tanrı Bizim İçimizdədir”, “Kazaklar”, “Təsadüf”, “İki Süvari” kimi əsərlərini yazdı. Onun əsərlərində tərəddüd yoxdur, hər şey göz qabağındadır. Bir dəfə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Uilyam Folknerdən xahiş edirlər ki, dünya ədəbiyyatının üç ən yaxşı romanının adını sadalasın, o da düşünmədən cavab verir: “Anna Karenina”, “Anna Karenina” və yenə “Anna Karenina”. Tolstoy insan xarakterinin kəşfində bənzəri olmayan dahi yazardır. Onu oxumaq insana həzz verir, öyrədir, sevdirir. Onunla həm dəhşət, həm sevgi, həm də özünü dərk yolunu qaranlıqdan aydınlığa doğru keçirsən. Tolstoyun əsərləri dəfələrlə oxunsa da, təkrar və təkrar oxunma ehtiyacı yaradır özündə. O, dünyəvi, dinçi, humanist olduğu qədər, daxili aləmində bir o qədər ziddiyyətli daim mücadiləli və qarma-qarışıqdır. Proletar inqilabının lideri Vladimir İliç Lenin Tolstoyu rus inqilabının güzgüsünə bənzədib.

Tolstoy üçün İsa bir ideoloq idi, mistik tərəfləri olmayan. O, həqiqəti dindən üstün tuturdu. Buna görə də Tolstoyun düşüncə tərzi bizə çox doğmadır. İnsan onu oxuduqca, dərk etdikcə anlayır ki, o başqa bir mərhələdir. Ədəbiyyatı qaranlıqdan işığa, şərdən xeyirə çıxaranlardan biri də məhz Tolstoydur.

“Anna Karenina” yazarın qələmə alarkən ən yorulduğu əsər olub. O, bəzən masa arxasına tam rahatlıqla keçir, bəzən də çığır-bağır salaraq deyirdi: “Dözülməz dərəcədə zəhlətökəndi”, “Ay Allah, kaş kimsə mənim əvəzimə “Anna Karenina”nı tamamlayardı”, “Anna məni təngə gətirdi”. Anna ilə qəddarcasına davranıb onu “vaqonun altına atılıb ölməyə” məcbur etdiyi üçün Tolstoyu az məzəmmət də etməmişdilər. Yazıçı isə buna belə cavab verirdi: “Bir dəfə Puşkin tanışına belə deyir: “Gör mənim Tatyanam nə hoqqa çıxardı, ərə getdi. Ondan bunu gözləmirdim.” Eyni şeyi mən də Anna haqqında deyə bilərəm. Qəhrəmanlarım mənim ürəyimdən keçənləri yox, həyatda nəyi etməlidirlərsə onu da edirlər”.

Uğurlu karyerasına baxmayaraq, həyatında məna tapa bilməyən yazıçı, nəhayət, məna verən həqiqəti – xalqın həyatına yaxın olmaqda, onunla həmahəng yaşamaqda tapdı. Tolstoy rahat və aristokrat həyatından imtina edərək fiziki əməklə məşğul oldu, sadə geyindi, ədəbi əsərlərinə olan hüququndan imtina etdi, aclıq və ehtiyacı olanlar üçün sığınacaqlar, məktəblər tikdirdi. Onun yazdığı əsərlər və zorakılıqsız müqavimət ideyası Mahatma Qandiyə də təsirsiz ötüşmədi.

Tolstoy 1880-ci ildə Afanasi Fetə məktubunda Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuyub və onların dəyərindən bəhs edirdi. Ədibin hekayələri ilk dəfə Azərbaycan dilinə 1882-ci ildə tərcümə olunub.

XIX əsrin sonu XX əsrin əvvəllərində Tolstoyun əsərləri Azərbaycanda çıxan “Kaspi”, “İttifaq”, “Səda”, “Təzə həyat” qəzetlərində yüksək tirajla işıq üzü gördü. 1894-cü ildə Sultanməcid Qənizadə yazarın “Birinci araqçəkən” komediyasını Azərbaycan dilinə tərcümə etdi, 1895-ci ildə isə Hacı Zeynalabdin Tağıyevin teatrında ədibin “Zülmətin hakimiyyəti” pyesinin premyerası keçirildi. Rəşidbəy Əfəndiyev və Abbas Səhhət Azərbaycan dilində yeni dünyəvi dərsliklərin ilk tərtibçiləri olaraq bu işdə Lev Tolstoyun “Əlifba” kitabının prinsipini əsas götürdülər. 1907-ci ildə Hacıağa Abbasov və Sultanməcid Qənizadə birlikdə Yasnaya Polyanaya gəlir və Tolstoyun Azərbaycan dilinə tərcümə etdiyi hekayəsini yazıçıya hədiyyə edir. Yazıçı isə əvəzində ona üzərində avtoqrafı olan “Hərb və sülh” romanını bağışlayır.

Tolstoy ömrünün son illərini azad ruh axtaşında keçirdikdən sonra bir küskünlük nəticəsində evini buraxıb Astapovo dəmiryol stansiyasında 82 yaşında ölü olaraq tapıldı. Həyatı boyunca yaşayışın necə bir şey olduğunu anlamağa çalışan Tolstoy əsərlərində bunu əskiksiz olaraq qələmə almağı hədəf seçmiş ən böyük yazarlarından biri olaraq ədəbiyyat və dünya tarixində ən zərif, ən həlim və ən duyğusal adam kimi düşdü. Ölüm ayağında Tolstoyun son sözü “İstəyirəm ki, kimsə mənim zəhləmi tökməsin” oldu. Yasnaya Polyanada onun dəfninə bir neçə min adam gəlir. 1920-1930-cu illərdə SSRİ-də Tolstoyçuların kommunaları ləğv olundu, fəalları repressiya edildi. Bu gün Tolstoyçuluğun Qərbi Avropada, Yaponiyada, Hindistanda ardıcılları var.

“Bizim ən əsas vəzifəmiz çevrənin hüdudlarını aşmaqdır”, – deyən Tolstoyun öz zərafəti və nəcibliyi ilə yazdığı əsərlər yüz illər keçsə də, daima sevilərək oxunacaq. Onlar oxunduqca Tolstoy yaşayacaq…yaşayacaq və heç zaman ölməyəcək!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: