Nazirlər Kabineti “Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası”nı təsdiq edib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dəniz əməliyyatları bazası reyestrinin altı ay müddətində formalaşdırılmasını təmin etməli, ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Dəniz əməliyyatları bazası reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməli, Dəniz əməliyyatları bazası reyestrinin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsini təmin etməli, Dəniz əməliyyatları bazası reyestrinin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” dövlət başçısının 2019-cu il 3 iyun tarixli fərmanına uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təşkil etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti isə Dəniz əməliyyatları bazası reyestrini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirmli, Dəniz əməliyyatları bazası reyestrinin informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin reyestrin sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görməlidir.