MƏKTUBUNU OXUDUM- OXU MƏKTUBLARIMI” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Yazıçılar Birliyinin və Heyran xanım adına "Zərif Qadınlar Ədəbi Məclisi"nin üzvü, şair, bədii qiraətçi Sevinc Azadlının "Məktubunu oxudum -oxu məktublarımı" kitabının təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar açaraq bildirib ki, Sevinc Azadlı imzası ədəbi aləmdə yenidir. Onun ilk kitabında özünəməxsus poetik ifadələri, deyim tərzi ədəbi mühitdə atacağı addımların uğurlu olacağını xəbər verir. Şair vətən, ana, sevgi və sair mövzuda yazdığı şeirlər öz lirik "mən"i ilə özünü oxucuya sevdirməyi bacarır. Xüsusilə, şairlərlə deyismələrini "Seirləşmələr" adı altında verməsi bu ifadənin ona məxsus olduğuna nümunədir.

Sonra kitabın redaktoru və ön sözün muəllifi filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu qeyd edib ki, səsin şeirindən şeirin səsinə doğru inamla addımlayan Sevinc xanım qısa zaman içərisində həm bədii qiraəti və maraqlı poetik nümunələr ilə geniş oxucu auditoriyası qazanıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Heyran xanım adına "Zərif Qadınlar Ədəbi Məclisi"nin sədri şair-publisist Təranə Arifqızı Sevinc xanımın yaradıcılığına bələd olduğunu, onun poeziyaya sadə, səmimi hisslərlə yanaşması onun həm qiraət etdiyi və qələmə aldığı şeirlərdə açıq-aydın hiss olunduğunu bildirib. Diqqətə çatdırıb ki, son iki ay ərzində ədəbi məclisin dörd üzvünün kitablarının oxuculara və ədəbi mühitə təqdim olunub. Məftunə Nur, Sona Amal, Təranə Arifqızı və Sevinc Azadlı hərəsi özünəməxsus ədəbi nümunələrlə oxucu marağını daha da zənginləsdirib.

Sonda müəllif tədbiri təşkil edənlərə və iştirak edənlərə dərin minnətdarlığını bildirib.

NUHÇIXAN oxuculara Sevinc Azadlının bir neçə şeirini təqdim edir.

 

                      ÇƏKİRƏM

Çox insanlar ələndilər ələyimin içində,

Bir ümid var hər arzumun, diləyimin içində.

Qoyub ömür tərəzisin ürəyimin içində,

Sevincimi, kədərimi qram-qram çəkirəm.

 

Sarvan çəkər, susuzluqdan yorğun olan karvanı,

Niyyət etsəm bağ edərəm susuz, cadar səhranı.

Nə olsun ki, üzəmmirəm, keçəmmirəm dəryanı.

Qayığımın avarını aram-aram çəkirəm.

 

Ara-ara duz yerinə qəm atmışam aşıma,

Dəyər verib dəyərsizi çıxarmışam başıma,

Verməyibdir nə özümə, nə də qiymət yaşıma,

Bu dünyanın yalan üzü olub yaram çəkirəm.

 

 

MƏKTUBUNU OXUDUM

Məktubunu oxudum,

Soruşursan: Necəyəm?

Günə həsrət dolanan

Qaranlıq bir gecəyəm.

 

Sənə intizar gözüm

Məktubunu gözləyir.

Məktubundan duyulan

Nəfəsini özləyir.

 

İlk əlimə alanda

Qəlb yarpaq tək titrəyir.

Sonra oxumaq üçün

Arzu, istək kükrəyir.

 

Başdan- başa oxuyub

Əvvəlcə ağlayıram.

Sorasa əlin dəyib

Deyə sığallayıram.

 

Təkrar- təkrar göz atıb

Çək- çevir eyləyirəm.

Heç özüm də bilmirəm,

Düzü, mən neyləyirəm?!

 

 

 

HƏSRƏTİN DƏ VÜSALDI

 

Dağlasa da bağrımın başını intizarın,

Yükü ağır olsa da, həsrətin də vüsaldı.

Arzusuna yetməyən parçalanmış ürəyim

Nə etdimsə meylini, acı həsrətə saldı.

 

Ələndi ümidlərim bircə-bircə gözümdən,

Sevdiyim kəlmələrim söhbətimdən, sözümdən,

Bircə qurbanlıq seçdim, o da özüm özümdən,

Uçdu ruhum bədəndən bir quru canım qaldı.

 

Əhvalımı soruşub öyrənməyi diləsən,

Gərək ki, ərz eyləyim, sən də bunu biləsən.

Qarışandan nə vaxtdır günə, aya, ilə sən

Yadımda xoş xatirən, nə qədər anım qaldı.

 

Etibarım incələr, güvən sarsar sanmazdım,

Doğrasalar da yenə məndə səni danmazdım,

Nə qalsa da geridə heç bu qədər yanmazdım,

Sənin sol tərəfində mənim sol yanım qaldı.

 

                          QƏZƏL

Rəməl bəhri:

Fə'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilün

 

Şum edib könlümü mən dərdü-qəm əkdim gecələr,

Bir qapantək kədəri hər dəfə çəkdim gecələr.

 

Görməsin halımı mən kimsə deyə, ar elədim,

Ələdim gözlərimin yaşını  tökdüm gecələr.

 

Gündüzü şux dolanıb halımı car eyləmədim,

Taqətim bitdi heyif, boynumu bükdüm gecələr.

 

Elə bir qüvvə nəsib eylədi yoxdan yaradan,

Gündüzü mərd(i) durub amma ki, çökdüm gecələr.

 

Yuxuya həsrətəm aylarla, yata bilməyirəm.

Duyduğum hər səsə gəldin deyə, səkdim gecələr.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: