Nazirlər Kabineti Əlincədağ təbiət abidəsinin təşkil edilməsi haqqında qərar qəbul edib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağın şərq yamacında yerləşən, hündürlüyü 1821,4 metr olan Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib və həmin dağ Əlincədağ təbiət abidəsi adlandırılıb.
Əlincədağ təbiət abidəsinin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün yerli Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Culfa Rayon İcra Hakimiyyəti bu obyektin yerləşdiyi ərazinin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görməlidir.