“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunub

A- A A+

Mayın 15-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə martın 6-da Milli Məclisə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi təqdim olunub. Bu qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq hüquqları haqqında, İctimai Televiziya və Radio yayımı haqqında, Kütləvi informasiya vasitələri haqqında qanunlara, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb. Qanun Azərbaycanda uşaqların hüquqlarını və azadlıqlarını, uşaqların sağlamlığının və inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir.

Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, son illərdə informasiyanın, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi və onun gündəlik yaşamımıza ciddi təsirləri inkaredilməzdir. Əlbəttə, bunun bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən çətinlikləri də ortaya çıxır. Azərbaycan qlobal informasiya məkanının subyektlərindən biridir. Ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizini təşkil edir. Belə olduğu halda, informasiya resurslarının imkanlarından doğru istifadə olunmalıdır. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir. Uşaqların təhlükəsizliyinin qorunması, onların fərd olaraq təhlükəsizliyinə zəmanət verilməsi demokratik cəmiyyətlərdə mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikası da uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Qəbul olunan qanun və qərarlar, Azərbaycan hökuməti tərəfindən atılan praktiki addımlar ölkəmizin bu sahədə də nümunəvi model təqdim etdiyini göstərir.

Daha sonra Milli Məclisin deputatları Tahir Rzayev, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abıyev və digərləri layihə ilə bağlı fikirlərini bildiriblər.

Sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: