Bu gün şəhid Kənan Rzayevin doğum günüdür

A- A A+

44 günlük Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaətlər göstərən qəhrəman oğullardan biri də Kənan Əbdürrəhman oğlu Rzayevdir. O, 1995-ci il sentyabr ayının 12-də Culfa rayonunun Qızılca kəndində anadan olub. Uşaqlıqdan yurduna bağlı böyüyən Kənan Qızılca kənd tam orta məktəbində təhsil aldığı illərdə mehriban, səmimi şagird kimi müəllimlərinin və yoldaşlarının sevgisini qazanıb. Orta təhsilini başa vurduqdan sonra Kənan müddətli həqiqi hərbi xidmətə çağırılır. Əsgəri xidmətini qüsursuz yerinə yetirən qəhrəman ordu sıralarından təxris olunur. Bir müddət müxtəlif sahələrdə çalışan Kənanın tək arzusu hərbçi olub, vətənin keşiyində durmaq olur. Ailə həyatı quran qəhrəman 2020-ci ilin aprel ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vətəninə xidmətə başlayır. Sentyabr ayının 27-də başlayan Vətən müharibəsinə xidmət etdiyi xüsusi təyinatlı qüvvələrin tərkibində könüllü gedən Kənan ən çətin döyüş tapşırıqlarının öhtəsindən gəlir. O, işğal altında olan Zəngilan rayonu və bir çox kəndlərin düşməndən təmizlənib, azad edilməsində cəsarət və igidlik göstərir. Qəhrəmananın son döyüşü oktyabrın 24-ü Hadrut yaşayış məntəqəsi uğrunda olur. Ağır döyüşdə igidlik göstərən Kənan namərd gülləsinə tuş gələrək həyata gözlərini əbədi yumur. Ali məqamə yüksəkən şəhidimiz doğulduğu Qızılca kəndində dəfn olunur.

Ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparıb, bu uğurda canından keçərək xalqımıza qələbə sevinci yaşadan oğullardan biri olan şəhid Kənan Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilir. Həmçinin dövlətimiz şəhidimizin ailəsinə böyük diqqət və qayğı göstərərək Culfa şəhərində ikiotaqlı mənzillə təmin edib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: