“Mən sürücü deyil, döyüşçüyəm”

A- A A+

Söhbət şəhid Kənan Quliyevdən açılanda, sanki bir an xatirəyə çevrilən uşaqlığım, gəncliyim gəlib göz önümdə durur. Məni qəribə bir sükut alır. Onlu, əyləncəli günlərimiz nə tez gəlib keçdi belə… Axı, biz o qədər də böyüməmişdik. Yaşayacaq günlər, həyatla aparacağımız mübarizəmiz hələ öndə idi. Kənanın bir kəlməsini heç vaxt unutmuram. Zarafatla deyirdi: “Bir gün gələcək mən tarix yazacağam”. Güldüyümüz bu kəlmə indi hər bir sinif yoldaşı kimi, mənim də xatırladığım acı və doğru həqiqətdir. Hər nə qədər düşünüb üzülsəm də, bir o qədər də fəxr, qürur hissi keçirirəm Kənan sənlə… Artıq qəlbimizin and yeri, ruhumuzun unudulmazı olmusan… Bizimlə birgə yaşayırsan…

Bildirim ki, Şəhid Kənan Quliyevin şəhadətə yüksəldiyindən sonra onsuz keçirdiyimiz 4-cü mövlud günüdür. Hər kəs kimi məndə səni ziyarətə gəlmişəm. Əvvəllər çətin qalxdığım, ayaqlarımın yerimədiyi bu yerə daha əziyyət çəkmədən gəlirəm. Səninlə o qədər fəxr edirəm ki, dik duruşuqla qarşına gəlirəm. Düşünürəm qəlbinlə dediyin hər bir kəlməni həyata keçirib qəhrəman adını qazandın. Hiss edirəm ruhun o qədər şaddır, vətənin göylərindən bizə baxır. Görür ki, ölkəsi azad, bütöv, xalqı sülh içində əmin-aman yaşayır. Sən və sənin kimi oğulların cəsarəti, rəşadəti ilə bütün bunlar əldə olunub. Sizlər bizə bütöv vətən qoyub getdiniz. Biz də sizi qəlbimizdə yaşadaraq əmanətinizə sahib çıxmışıq.

Artmayan yaşınla səni anıb, haqqında qısa ömrünü yazmağa çalışıram. İstəyirəm sənin təmiz qəlbinə, mehriban xasiyyətinə, şıltaq gülüşünə, etdiyin xoş zarafatlarına tam da uyğun gələn yazı olsun. Söz vermirəm, amma çalışıram, Kənan! Əgər yaxşı yaza bilməsəm məni bağışla…

1992-ci il 11 sentyabr… Culfa şəhərində Quliyevlər ailəsinin ən sevincli günü idi. Gənc ailənin ilk sevgi payları, adını Kənan qoyduqları oğul övladı dünyaya göz açmışdı. Kənan uşaqlıqdan səmimi, mehriban, əli açıqlığı ilə seçilən, fəqlənən uşaq idi. Eyni zamanda, bir o qədər də cəld, çevik, dəcəl idi. Bu xüsusiyyətlərlə artıq hamı Kənanı çox sevirdi.

1998-ci ildə orta məktəbə qədəm qoyan Kənanın yaşı üstünə yaş gəlsə də, qəlbindəki daşıdığı o gözəl xasiyyətli uşaq Kənanı heç zaman böyütmədi. Saflığı, təmiz, mehriban sevgisini qoruyub saxlamışdı ürəyində. Ərtafı, sinif yoldaşları, dostları onun bu paklığını hər zaman qibtə edirdi. Orta məktəbdən məzun olduqdan bir il sonra əsgəri xidmətə yollanan Kənanı bir gün hərbi formada Culfa-Naxçıvan marşrutunda gördüm. Elə uşaq yaşlarımızdakı kimi salamlaşıb, görüşdük. Xidmətini soruşdum.

Çətinlik çəkmirsən ki?

- “Nə danışırsan, adam da vətənə xidmət etməkdən çətinlik çəkər? Təki insan vətənə xidmət edib, bu yolda canını fəda etsin”.

Gülümsünüb, cavab verdim. Yaxşı da, sən də! Xidmətini başa vur, sağ-salamat evinə qayıt.

-İnşallah.

Sonra heçnə danışmadıq. Bu cavab məni dərin bir fikrə apardı. Bunu çox qəlbən deyirdi. Sanki həqiqətən hiss edirmiş kimi…

Bir müddət sonra onu Culfa şəhərində gördüm. Ximətini bitirib geri qayıtmışdı. Culfa-Naxçıvan marşrutu üzrə mikroavtobus sürücüsü idi. Yeni işi münasibəti ilə onu təbrik etdim. Bir neçə il bu sahədə çalışsa da, Kənan yenidən orduya qayıtmağı qərara alır. Bəlkə də, alın yazısı onu bu sənətə qaytarırdı…

Uca qamətli olduğu üçün ona hərbi forma çox yaraşırdı. O, bu xidməti etməkdən qürur duyurdu. Bunu, onu hər gördüyümdə hiss edirdim. Bir il idi ki, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində hər kəsdən öncə döyüşə hazırlaşan Kənana komandiri sürücüyə orada ehtiyac yoxdur deyir.

-Kənan: “Mən sürücü deyil, döyüşçüyəm”-, deyərək, komandirinə təkidlə bildirir ki, məni aparmasanız özüm gizilin döyüşə gedəcəyəm”.

Bu qətiyyəti görən komandir, get hazırlaş,- deyir.

Vətəni qorumağa gedən Kənanın uşaq kimi sevinci vardı. O, qəlbində böyütdüyü ən böyük arzusuna çatırdı. Bu arzunun onu ali məqama, şəhidliyə apardığını bəlkədə özü çox yaxşı bilirdi. Bunun üçün od alov püskürən döyüş meydanına bir igid kimi qatılıb döyüşməkdən o qəti qorxub-ürkmədi. Cəsarət, mərdlik göstərib ali zirvəni də, hər kəsə nəsib olmayan şəhid adını da beləcə şücaəti ilə qazandı.

Dörd ildir “Qubadlı fatehi”, Qubadlının azad olunması uğrunda canından keçən qəhrəman olaraq yaddaşlara yazılan sinif yoldaşım, şəhadətin də, mövludun da mübarəkdir! Sən bu gün təkcə Culfa rayon sakinlərinin deyil, bütün Azərbaycan xalqının tanıdığı qəhrəmansan. Səninlə fəxr edir, qürur duyuruq!

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: