Muxtar respublikada ilk dəfə xalçaçılıq mövzusunda elmi konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnistitunda “Naxçıvan Xalçaçılığı keçmişdən günümüzə” mövzusunda respublika elmi konfransı olub.
Konfransda İnstitutun rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada ilk dəfə olaraq keçirilən xalçaçılıq mövzusundakı elmi konfrans Naxçıvanda xalçaçılığın yaranması, inkişafı, Azərbaycan xalçaçılıq tarixində Naxçıvan xalçaçılıq məktəbinin yeri və rolu baxımından mühüm rol oynayır. Rektor Naxçıvan xalçaçılıq sənətinin qorunub yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi ilə yanaşı, onun inkişafı və daha geniş arealda tanıdılması məqsədilə ardıcıl təbirlərin görüldüyünü də diqqətə çatdırıb.
Konfransda AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli “Naxçıvan Muxtar Respublikasında xalçaçılığın qorunması və inkişafına dövlət qayğısı” mövzusunda danışaraq qeyd edib ki, Naxçıvan xalçaçılıq məktəbi qədim xalçaları, palaz, kilim, cecim və zililəri ilə məşhurdur. Bu məktəbin nümunələri ən qədim tarixi dövrlərin yadigarı kimi bu gün də qorunur. Vurğulanıb ki, Dövlət Proqramının icrası ilə əlaqədar olaraq bu günə qədər Naxçıvanın bir çox kəndindən 250-yə yaxın xalçaçı haqqında məlumatlar toplanılıb.
Konfransda bir sıra mövzularda çıxışlar edilib. Daha sonra konfrans bölmə iclasları ilə davam etdirilib.
Vüsal Muradov