Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-avqust ayları ərzində 778 min 570 manat vəsait xərclənib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, qeyd olunan dövrdə fond müalicə və psixoloji dəstək istiqaməti üzrə 85 nəfərə 91 min 905, məişət şəraitinin yaxşılaşdırılması üçün isə 188 nəfərə 481 min 330 manat yönəldib. Həmçinin borc öhdəliklərinin qarşılanması üçün 20 nəfərə 165 min 902, təhsil haqqının ödənilməsi məqsədilə 1 nəfərə 3400, digər istiqamətlər üzrə isə 36 min 33 manat xərclənib.