Naxçıvan şəhərində yeni ünvan lövhələrinin quraşdırılması davam edir - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə 2018-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhərində yeni ünvan lövhələrinin quraşdırılmasına başlanılıb.
İndiyədək Naxçıvan şəhərinin Heydər Əliyev prospektində və 29 küçədə ünvanların yenidən dəqiqləşdirilməsi işləri aparılıb.
Uyğunsuzluq aşkar edilən küçə və məhəllələrdə daşınmaz əmlak obyektləri yenidən nömrələnib, ünvan lövhələri və giriş nömrə nişanlarının sayı müəyyənləşdirilib.
Dəqiqləşmə işləri aparılan küçələrdə daşınmaz əmlak obyektlərinin ünvanlarındakı uyğunsuzluqların aradan qaldırılması üçün kameral şəraitdə ünvan xəritəsi üzərində iş aparılıb. Ünvanlarında düzəliş edilmiş daşınmaz əmlak obyektlərinə dair mülkiyyət sənədlərində müvafiq düzəlişlər edilərək təhvil verilib.
Yeni inşa olunan daşınmaz əmlak obyektlərinin sxematik planları dəqiqləşdirilib. Bu planlar Naxçıvan şəhərinin ünvan xəritəsinə yerləşdirilib və ünvan reyestrində qeydiyyata alınıb.
1 prospekt və 9 küçədə yeni ünvan lövhələri və giriş nömrə nişanları quraşdırılıb. Hazırda Naxçıvan şəhərinin Azərbaycan, Həsən Əliyev və Mirzə Ələkbər Sabir küçələrində bu istiqamətdə işlər davam etdirilir.