Bu il Naxçıvanda tütün sahələri 100 hektara çatdırılacaq - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bu məqsədlə 2017-ci ildə Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılıb. Təsərrüfatda 2018-ci il ərzində 41,5 hektar sahədə əkin aparılıb, 51 ton quru tütün istehsal olunub. Bu il isə əkiləcək sahələr 100 hektara çatdırılacaq. Hazırda təsərrüfatdakı istixanalarda hazırlıq işlərinə başlanılıb.
Tütün Yetişdirmə Təsərrüfatında bu ilə qədər şitil yetişdirmək üçün 2304 kvadratmetr sahəsi olan 5 istixana, 2500 kvadratmetr sahədə tütün qurutma yeri yaradılıb. Bu il isə sahə 5 min kvadratmetrə catdırılacaq.
Cəmiyyət tərəfindən bu günədək ümumilikdə 63 tondan çox quru tütün istehsal olunub. Hazırda istixanalarda tütün toxumlarının əkilməsi üçün hazırlıq işləri görülür. Burada yetişdirilən tütün şitilləri fevralın 10-dan başlayaraq muxtar respublikanın rayonlarındakı torpaq sahələrinə əkiləcək.
Ötən ildən muxtar respublikamızda su üzərində tütün şitilinin yetişdirilməsinə başlanılıb. Sınaq məqsədilə 20 hektar ərazidə əkilən “Virciniya” toxumundan məhsulun yığım vaxtı 35 ton quru tütün əldə olunub. Bu il isə bu rəqəm 70 hektara çatdırılacaq.
Təsərrüfatda yetişdirilən şitillər muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinin tələbatını tam ödəyəcək. Tütün şəxsi təsərrüfatlarda da yetişdirildiyi üçün burada eyni zamanda tütün qəbulu da həyata keçirilir.
Hazırda təsərrüfata toxum Türkiyədən gətirilir. Bu ildən başlayaraq əkilən tütündən toxum da əldə olunacaq.
2019-cu ildə Babək rayonunun ərazisində tütün əkini daha da genişləndiriləcək. Fermerlərin rahatçılıqları üçün rayonun Cəhri kəndində yeni qəbul məntəqəsi hazırlanacaq. Hazırda toxum əkini üçün hazırlıq işləri gedir.
Qeyd edək ki, “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan “Kenoclub”, “Want”, “Visore”, “Fine” markalı siqaretlərin 60 faizini yerli tütün təşkil edir.
Turab Hacızadə