Hanı günbəgün qəddini əyib yaşadaraq öldürdüyün, indi isə öldürüb yaşatdığın Şəhriyar?!

A- A A+

Azərbaycanın memarı və qurucusu Heydər Əliyev şeirə, sənətə ən ülvi hisslərlə dəyər verərək müsahibələrinin birində “Sevdiyiniz şair?” sualına “Şəhriyar”, – deyə cavab verir. Ulu Öndərin Şəhriyar irsinə böyük rəğbət və diqqət göstərməsi, şairin 90 illiyində imzaladığı Sərəncam ona dövlət səviyyəsində ehtiramın ən mötəbər göstəricisi oldu.

Bu dünyadan bayram yeli kimi əsib keçənlər, ruhumuzda əbədi yara buraxanlar oldu. Ömrünü qara günlərlə keçirib ah-vay edən, sonsuz arzularını, saysız diləklərini baxışlarında söndürüb kiçik tabutuna sığdıran Şəhrinin – Yarı Şəhriyar arxasında, onu sevən, onu hiss edən, çiyinlərdə Şəhriyar yükünü daşıyan bir cahan qoyub getdi. O cahan ki gündüzün yadigarını gecəyə qataraq hər gecə ulduz sayıb Ayı gözlədi. Fəqət, sinəsindən son nəfəsini çıxarıb atan Ay, məzarını şeirləri ilə ömürlük ürəyimizdə qazdı. O, artıq bu dünyaya işıq sala bilməz. Onun keçdiyi karvan ayrılığın acı şərbətini içərək bu dünyadan gedər-gəlməz yollarla zülmət qaranlığa gedib. O, gedəndən ürəklərimizdə dayanan zaman çoxdan keçib. Keçənlərimizdə Şəhriyarımız – xəyal meydanımız qalıb. Lakin cismi bu dünyadan köç edən Şəhriyarın eşqi ruhumuzda hələ də yaşayır, heç qocalmır, günü-gündən dərinləşir kök salır, damarlarımızda qan olub axır... Şəhriyar yanan ürəklərə "Araz olub" hey axır, axır!!!

Səndən keçən dünya bizə nə qədər yad, nə qədər özgədir artıq. Sənə nağıl danışaq: "Qurd keçinin Şəngülüsün yenə yesin", külək qalxsın, qapı-bacanı yenə döysün, sən də yenidən uşaq ol, uzaq düşdüyün elinə qayıt. Gözümüzdən yaşlar axdıqca sənə çıraq olaq, yol açaq! Dirildib Aşıq Rüstəmin sazını dilləndirək, sənin o yatmış bəxtini, o pərişan qəlbini, bəlkə,beləcə, oyada bilək... Heydərbabadan haray salıb, Arazın göz yaşlarını qurudaq, sənə ömür salaq! İçində yaşayan bir ölünü, Sürəyyanı dirildib çağıraq Turi-təcəllayə, sən də Musa olub o uzun səfərdən qayıt bizə. Tehrana qeyrət, Təbrizə vəfa olaq, Səmədlərdən, Rüstəmlərdən, Babillərin nəfəsindən nəfəs gətirib ölü bir cana nəfəs olaq... Yazılmayan, "Yar-Qasidi" oxunmayan "Behcətabad xatirəsi" olaq. Bəlkə, əllərin qələm, özün ilham olaraq qayıdasan bu dünyanın sənsiz qalan, səssiz qalan zülmətinə... Səssiz qalmış bu dünyanın zülmətinə səslənirik?! Hanı günbəgün qəddini əyib yaşadaraq öldürdüyün, indi isə öldürüb yaşatdığın Şəhriyar?! Susur hər kəs, hər şəhər... Susur, sanki acıdan yoğrultuğun Nişapur, ah-nalənlə nəfəs alan Tehran! Təkcə Təbriz danışır, indi hər parçası, hər daşı, çünki hicrana bürünüb, çünki hay-küyündə sızıltısının laylasını oxuyaraq əbədi yatırtdığı Şəhriyarı hifz edir, Şəhriyara qucaq olub. Artıq o, ölümün hər şeyində, yaşamın heçliyi olub. Yavaş-yavaş sakitləşir danışan hər şey. Təkcə yaşadığın məhlənin kimsəsiz küçələri danışır. Gəzərkən hər tinində can verdiyin, sənə sirdaş olub yumşalan divarların, vida astanasında gözlərindən mil çəkdiyin daşların dilə gəlir indi, misra-misra sən qışqırır, bənd-bənd evinin sənsizliyini qoruyur. Səs-səsə verən əşyaların çiliklənib söz tökür. Otağının sən qoxan hər küncü əl-ələ verib, səni gözləyir, iz buraxdığın hər əşyan üzərində tozlanmış böyük bir xatirədən asılır. Hər gün bir az da kimsəsizləşib, toxunulmaz, sınmaz olur... İndi qırıq qəlblərin təsəlliyə, nakam sevgilərin çarəyə, yarım qalmış canların tamamlanmağa, vətən həsrəti ilə yanıb tutuşanların vətənə ehtiyacı olanda, Şəhriyar deyə-deyə, keçdiyin küçələrin ahından nəfəslərinə qataraq sənə gəlir. Sərgərdan olmuş adamlar kimi yalın ayaqlarla qaçıb sənin keçdiyin yollara sığınır, addım-addım ayaq izlərindən səni hiss edib, o maviyə bürünmüş qapına Şəhri-Yar deyib də gəlir. Bədənlərinə dar gələn ruhlarına ruhundan ruh qatasan deyə gəlir, ustad... Sən hiss edirsən, sənə sığınanları... Bəlkə də, sən çağırırsan deyə hər kəs sual olaraq gəlib, cavab olaraq dönür. Susaraq gələnlərə, heç kim eşitməsin deyə, cavab verirsən, bəlkə də, susaraq!!! Səssizliyində dincələnlər... Sakinliyindən ödünc alıb geri qayıdır. Yenidən və yenidən sənə gəlib susub danışmaq üçün!!! İndi evini ümidsizcə isladan göz yaşları; Yanardağa dönən ağrılar; ürək aynasında çata dönənlər yad edir. Hər divardan asılmış şəklindən soraqlaşır səni...

    Şəhriyarsız Təbriz hicrana bürünüb. Özünü acıdan yoğruldub, ağrıdan yaradıb. Heydərbaba sənsiz yetim, oğulsuzdur artıq. “Çoban qaytar quzunu” oxuyan yoxdur, ətəyində hər yaz bitən novruzgülü, qarçiçəyi sənsiz solur, itir-batır. Kəkliklərin səni tapmır, qanadı qırıq halda uçub köç edir, ustad!

    Görəsən, yarımcan bir çırağın işığını yandıran, gözlərinin odunu töküb neft əvəzinə ocağı odlandıran Kövkəb anamı səni Şəhriyar etdi, yoxsa rişxənd ilə qırcınan səhəri açarkən gözlərinə doldurduğun Sürəyyan?! Hər kəs səni sevgi şairi olaraq “Behcədabad xatirələri” ilə sevdi. Bəs Süreyya necə?! Behcədabadın qanatdığı yaraları sevə bildimi?! Neçə siqaret yandırıb kül etdin Sürəyyanın odunda?! Nə qədər göz yaşıyla saydın Sürəyyanın getdiyi günü?! Göz yaşların bitmədiyi kimi günlər də bitməyəcəkdi... Fəryadında çarəsizliyin lallaşarkən, sevgin saçlarının bəyazından asıldı. Əllərin qırışarkən nə qədər cığır açdı sevgin ömür yoluna?! Son dəfə görmək ümidi ilə gecə boyu gözləyərkən gözlərin alışdı sevginin yuxusuzluğuna. O zamandan bərimi masmavi gözlərin bitməyən gecənin qaranlığında saralıb soldu?! Axı sən oyaq idin, Şəhriyar?! Axı sən yuxusuz idin?! Gözlərinə niyə dolmadı o sevgi yuxun?! Hər gecə layla deyib yuxunu oğurlayan pərin üçün ölürdün?! Yoxsa göz yumaraqmı ölürdün günbəgün?! Yoxsa uyusan o oyanardımı? Yatmadığın hər gecənin ən qorxunc gizlənqaç oyunundan, dolanbac küçələrində itərkən, sən ən gözəl onun qəlbində gizləndin illər boyu... Zaman keçdikcə məskən saldın orada... Axtarıldın, arandın Məhəmməd Hüseyn olaraq doğulub, bir gün uduzub Şəhriyar kimi çıxdın meydana... Gecədən zülmət səhərə oyananda oyun bitmişdi artıq. Danışdığın hekayənin sonu bitmədiyi üçünmü, Səbanın setarında simə dönüb, yalnızlığında rəqs etdin?! Buna görəmi Nimanın şeirlərində sirləşib, Sadıq Hidayətin "Pəs Qole" şəlaləsindən su olub axaraq, dəfələrlə intihar etdin?! İndi necə də sükuta qərq olub,.. qaranlığında kor... səssizliyində lal olubsan. Ömürlük yarım qalıb, sərhədləri göz yaşı, nisgil ilə qıra bilməyib, çiyinlərdə vətən həsrəti ilə, nakam sevgi ilə məzara daşındın. Vətəndən aralı darda qalıb, şeirlərindən azadlıq tapıb səadətə addımladın.

        Ustad! Yarım qalan taleyində nə ömür yaşadın ki? Bu səksən ilin yarısı gecə oldu – yuxuda, xəyalda keçdi, qalan yarısının yarısı oynamağa – uşaqlıq dövrünün şıltaqlıqlarına, ömrünün gənclik adlanan qalan yarısı həyati, maddi-cismani ehtiyacları ödəməyə həsr olundu, qalan yarısında qocalıq çağları – bədbəxtlik və çətinlik dövrü başlandı. Ustad, sən bu uzun və mənasız illərdə düşünməyə, yaratmağa, incilər saçmağa macal tapıbsansa, deməli, ömür elə budur, qalanı isə boş xəyaldır.

İndi Azərbaycansız heç olub, vətənin eşq məktəbində can vermiş şairsən artıq. Ruhdaşların ilə şeirlərdə, kitablarda görüşdün. Yazdığın hər misra ilə vətənə qucaq dolusu sevgi, həsrət yağdırdın. Bəlkə də, nəğməkar bülbülü bağından, güllərindən aralı salıb qəlbinə tikan oxu vuran elə həmin ayrılıqsan ki, ayrılıqsan!

Bizə buraxdığın hər şeiri, hər günü Şəhriyar olan, Heydərbaba kimi daşlaşıb, dillərdə gəzən elə həmin Şəhriyarsan, artıq!!! Öz şəfəqlərini əbədiyyət üfüqlərinə saçıb, öz işığında batan ulduz, ölən şam, tənhalığında kimsənin oyaq qalmadığı, hamının getdiyi heç kimin qalmadığı yarım adam, yarımçıq adamsan indi!!! Ulduz batdı, öldü şam, kimsə oyaq qalmadı, Şəhriyar!!!

Fariz Əhmədov

Könül Seyidova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: