Böyük Britaniyanın “The Telegraph” qəzeti turistləri Naxçıvana səyahətə dəvət edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Böyük Britaniyanın məşhur “The Telegraf” qəzeti öz internet səhifəsində dünyanın 25 əsrarəngiz guşəsinin siyahısını verib. Bu məkanların sırasında Naxçıvan Muxtar Respublikası da var. Muxtar respublika haqqında “Tanımadığımız Naxçıvan” başlıqlı qısa məlumatda oxuculara “Siz Naxçıvan Muxtar Respublikası haqqında nəsə eşitmisinizmi?”- deyə müraciət edilir. Sonra isə bu yerin Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşən və Azərbaycana məxsus olan ərazi olduğu, Nuh peyğəmbərin vətəni sayıldığı diqqətə çatdırılır. Müqəddəs Quranda adı çəkilən əfsanəvi Əshabi-Kəhf mağarası, 12-ci əsrə aid abidələr barədə məlumat verilir. Naxçıvanın həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni olduğu bildirilir və burada Heydər Əliyev muzeyinin yaradıldığı qeyd olunur.
“The Telegraph” həmçinin səyahət həvəskarı olanlara bu istiqamətdə 2019-cu ilin aprel ayından 6 günlük səfər turları da təklif edir.