Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 15 Sentyabr - Bilik Günü ilə bağlı xüsusi qayğıya ehtiyacı olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlarla görüş keçirilib.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədrinin müavini Aytən Məmmədova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin həssaslıqla yanaşdığı dövlət uşaq siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu dövlət uşaq siyasətinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi həssas münasibətin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır.
Aytən Məmmədova xüsusi qayğıya ehtiyacı olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlarla bağlı komitə tərəfindən keçirilən tədbirlərdən, monitorinqlərdən və onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı görülən işlərdən danışaraq qeyd edib ki, bu kimi görüşlərin keçirilməsində məqsəd uşaqların problemləri ilə maraqlanıb, onların həlli istiqamətində tədbirlər görməkdir.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası sədrinin müavini Xatirə İbrahimli bildirib ki, muxtar respublikada uşaqların sağlam, vətənə layiqli övladlar kimi yetişməsinə diqqətlə yanaşılır, bu istiqamətdə müxtəlif layihələr icra olunur. Bir sözlə, uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi qarşıya qoyulub.
Çıxış edənlər uşaqları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.
Tədbirdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların himayəçi və qəyyumları göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Çıxışların ardından uşaqlara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublika üzrə xüsusi qayğıya ehtiyacı olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 40 uşaq məktəbli geyimləri, ayaqqabı və çantalar ilə təmin olunub.