Suverenlik tarixinin Zəfər töhfəsi – Qarabağ Universitetindən salam olsun!

A- A A+

Həyəcan, qürur, fəxarət. Qarabağa bir neçə dəfə jurnalist kimi səfər etmişəm. Ancaq bu gün buraya övladı Qarabağ Universitetinə qəbul olunmuş bir valideyn kimi qədəm basmışam. Qalib ölkənin vətəndaşı kimi qürur duyuram. Mübaliğəsiz deyim ki, bu doğma yurd yerində məni öz ağuşuna alan hissləri sözlə ifadə edə bilmirəm və burada olmağı həyatımın ən gözəl anları sayıram.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Xankəndidə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova söyləyib.

O deyib: “Bugünkü gəlişim yeni və fərqli duyğular yaşadır mənə. Övladım Ceyranı Qarabağ Universitetinə gətirmişəm. Sevincimin həddi-hüdudu yoxdur. Bu sevinc qızımın Qarabağda təhsil alacağı ilə məhdudlaşmır. Bu qədim yurd yerinə gəlişim bir neçə gözəl bayram gününə təsadüf edib. Azərbaycanın ən müasir tarixinin 20 sentyabrı. Möhtəşəm tarixi gün. Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncamla sentyabr ayının 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis olundu. Yəni, təqvimimizdə daha bir gözəl gün özünə yer aldı. Yeri gəlmişkən, onu da vurğulamaq istəyirəm ki, Azərbaycan xalqı 30 il düşmən işğalında qalan torpaqlarımızın geri alınması sevincini 4 il bundan əvvəl yaşadı. Daha sonra 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam təmin edildi, torpaqlarımız separatçılardan təmizləndi. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Gününün təməli də elə o vaxt qoyuldu”.

Bu gün Qarabağda Dövlət Suverenliyi Gününün xoş ovqatının hər addımda göründüyünü söyləyən Sara Əzimova bildirib ki, bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunacaq: “Bu gün həm də Xankəndi Şəhəri Günüdür. İstər-istəməz Xankəndinin azad olunmasını, burada üçrəngli Azərbaycan Bayrağının ucaldılmasını xatırlayıram. Bu gün o bayraq Xankəndi səmasında qalib dövlətin rəmzi kimi xain qonşulara gözdağıdır, bizə isə fəxarət hissi bəxş edir. Belə möhtəşəm bayramlar günündə daha bir sevincimiz onunla bağlıdır ki, Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışını etdi. Açılış tədbirində dövlət başçısı müəllim və tələbə heyəti ilə görüşündə dedi: “İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək”.

Baş redaktor qeyd edib ki, Prezident Qarabağın tarixi ilə bağlı, bu yurd yerinin işğala qədərki dövründən və böyük Zəfərdən sonra görülən işlərdən də danışdı. Həyata keçirilən tədbirlər sırasında Qarabağ Universitetinin binasının inşasının əsl bayram təntənəsinə çevrildiyini dilə gətirərək dedi: “Bu gün, eyni zamanda, Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu”. Dövlət başçısı universitetin müəllim və tələbə heyətini ürəkdən təbrik edərək tapşırıq və tövsiyələrini də verdi”.

“Sevinirəm ki, qızım Ceyran Dadaşova Şərur rayon Dərəkənd kənd tam orta məktəbini fərqlənmə attestatı ilə bitirərək, 498,5 balla Qarabağ Universitetinin Menecment ixtisasına qəbul olub. Bir də ona görə sevinirəm ki, Ceyran və onun kimi bu universiteti seçmiş digər tələbələr ali təhsillərini bu universitetdə alacaq, dövlətimiz və xalqımız üçün mütəxəssis kimi yetişəcəklər. Burada gördüklərim, müəllimlərlə, eləcə də övladları ilə birlikdə Xankəndidə olan valideynlərlə söhbətlərim məndə tam əminlik yaratdı ki, belə də olacaq. Dövlət başçısının Qarabağ Universitetinin ölkəmizin aparıcı ali təhsil müəssisələrindən birinə çevriləcəyi ilə bağlı arzusu da qısa vaxtda reallığa çevriləcək. Bir sözlə, “Böyük Qayıdış” əsasında elm, təhsil və mədəniyyət Xankəndidən dünyaya yayılacaq”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: