Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 2-38, Mərkəzi Aran rayonlarında 2-14, Naxçıvan Muxtar Respublikasında 5-21, Bakıda və Abşeron yarımadasında 5-9, Böyük Qafqazda 1-4, Qazax-Gəncə bölgəsində 0-4, Kiçik Qafqazda 2-4 millimetr olub.
Qar örtüyünün hündürlüyü Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ağdərə qəsəbəsində 32, Qusar rayonunun Şahdağ ərazisində 8, Quba rayonunun Qırız kəndində 5, Xınalıq kəndində 4, Qax rayonunun Sarıbaş kəndində və Daşkəsən rayonunda 2 santimetr təşkil edib.
Ölkə ərazisində qərb küləyi əsib, ayrı-ayrı yerlərdə sürəti saniyədə 15-20 metr olub, arabir 25 metrədək güclənib.