NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad rayonunun Sabirkənd yaşayış məntəqəsində ekoloji hüquqi maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Etibar İsmayılov son illər rayonda ekoloji mühitin saflaşdırılması istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü tədbirlərdən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Bədəl Həsənov və nazirliyin şöbə müdiri Azər Məmmədov çıxış ediblər. Bildirilib ki, keçirilən tədbirlərdə əsas məqsəd yaşıllıqların artırılması, qorunması, ətraf mühitə təsir hallarının öyrənilməsi, eləcə də qanunazidd halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsidir.
Çıxış edənlər yaşıllıqların korlanmasının, ağacların kəsilməsinin, qanunsuz ov edilməsinin, çirkab sularının hara gəldi axıdılmasının yolverilməz olduğunu bildirib, bu kimi neqativ hallara qarşı cərimələrin tətbiq edildiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Məhəmməd Fərəcov