Kəngərli rayonunda bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti müzakirə edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayonun Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və Təhsil Şöbəsinin Müdiri Emin Məmmədxanlı çıxış edərək bu sahədəki mövcud vəziyyət və ötən il ərzində həyata keçirilən tədbirlər, idman yarışları ilə bağlı məlumat veriblər. Bildirilib ki, Kəngərli rayonunda 4602 nəfər idmanla məşğul olur. Onlardan 1961-i qız, 2641-i isə oğlan idmançılardır. Sağlamlıq imkanları məhdud 41 yeniyetmə və gənc də idmana cəlb olunub. İstedadlı idmançıların muxtar respublika, ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin olunur. Rayonda ötən il ərzində bədən tərbiyəsi və idman sahəsində 44 tədbir həyata keçirilib.
Qeyd olunub ki, bütün bunlara baxmayaraq mövcud imkanlardan lazımı qədər istifadə olunmur. Hər kəs verilən tapşırıqların yerinə yetirilməsi, bu sahədəki nöqsanların aradan qaldırılması və inkişafına nail olmaq üçün var qüvvəsini sərf etməli, işini günün tələbləri səviyyəsində qurmağa çalışmalıdır.
Muxtar respublikada yeniyetmə və gənclərin idmanla məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını deyən boksçu Həmid Qənbərov göstərilən diqqət və qayğıya görə idmançılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Muxtar respublikada əhalinin sağlam həyat tərzinin formalaşmasına, böyüməkdə olan gənc nəslin bədən tərbiyəsi və idman sahəsinə yönəlməsinə xüsusi önəm verildiyini bildirən rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov Kəngərli rayonunda da bu baxımdan əlverişli şərait yaradıldığını deyib.
Müasir idman infrastrukturu və yaradılan şəraitə baxmayaraq bu sahədəki çatışmazlıqların da olduğunu bildirən Kamal Ələkbərov dekabrın 10-da “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı və
qarşıda duran vəzifələr”lə bağlı müşavirəni xatırladaraq Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqları diqqətə çatdırıb.
İcra başçısı bu mühüm vəzifələrin icrasında hər bir aidiyyəti təşkilatın, xüsusən də rayonun gənclər və idman idarəsi, təhsil şöbəsi və federasiya bölmələrinin birgə əməkdaşlıq etmələrinin vacib olduğunu deyib. Kamal Ələkbərov idmanın maddi-texniki bazasının qorunması, yaradılan şəraitin dəyərləndirilməsi, fiziki tərbiyə dərslərinə nəzarətin gücləndirilməsi, istedadlı idmançıların məlumat bankının hazırlanması, çoxsaylı idman yarışlarının təşkili və müşavirədən irəli gələn digər önəmli məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib, bu yolda yığıncaq iştirakçılarına uğurlar arzulayıb.
Sonda 2019-cu ilin təqvim və tədbirlər planı təsdiq olunub. Ötən ildə uğurlu nəticələrə imza atan və fərqlənən məşqçilər, idmançılar mükafatlandırılıblar.
Emil Səmədov