Ünvanlı dövlət sosial yardım almaq üçün müraciət edənlərdən torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək
Ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl addımlar atılır.
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, torpağa mülkiyyət hüququna dair çıxarışı olmayanlar da bu gündən etibarən ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edə bilərlər. Ünvanlı dövlət sosial yardımı üçün müraciət zamanı elektron sistem Dövlət Aktı üzrə sığortaedənin uçot nömrəsinə dair informasiya sistemindən avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumatı əldə edəcək.
Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət prosedurunun sadələşdirilməsi işləri qarşıdakı dövrdə də aparılacaq.
Qeyd edək ki, indiyədək torpağa dair çıxarışı olmadığına görə, xüsusən regionlarda ayrı-ayrı aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı üçün müraciət edə bilmir və nəticədə sosial yardım proqramından kənarda qalırdılar.