Televizor ekranı və ya planşet kompüterinin qarşısında çox vaxt keçirən uşaqlar problemləri çətin həll edir, öz həmyaşıdları ilə pis ünsiyyət qurur və 5 yaş dövrü üçün inkişaf vərdişlərini daha zəif nümayiş etdirirlər.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu qənaətə kanadalı ekspertlər gəliblər.
Kiçik yaşlı uşaqların valideynləri özlərinə az da olsa vaxt qazanmaqdan ötrü körpəsini televizor və ya planşet kompüterinin qarşısına qoymaq fürsətindən istifadə etməyə çox həvəsli olurlar. Məlumdur ki, uşaqlar onların valideynləri ev işləri görərkən və yaxud dostları ilə ünsiyyətdə olarkən sözün əsl mənasında ekrana “yapışırlar”. Tədqiqatlar sübut edib ki, bu üsul uşağın inkişafında mənfi nəticələrə gətirib çıxarır. Onun müəllifləri ünsiyyət, problemlərin həlli və digər şəxsi inkişaf vərdişlərini 2, 3 və 5 yaşında olan 2400 uşaq üzərində qiymətləndiriblər.
Müəyyən edilib ki, vaxtının çoxunu ekran qarşısında keçirən 2 yaşınadək uşaqlarda artıq 3 yaşında olarkən ləng inkişafın əlamətləri görünür. Televizor ekranlarının və planşet kompüterlərinin qarşısından çəkilməyən 3 yaşlı uşaqlar artıq 5 yaşında öz yaşıdlarından inkişafda gözəçarpacaq dərəcədə geri qalıblar. Bununla əlaqədar Kalqari Universitetindən olan tədqiqatçılar azyaşlıların valideynlərini öz həyatlarını bəsitləşdirməməyə, ünsiyyət vasitəsilə və təkcə əyləncəni deyil, həm də təlimi nəzərdə tutan müxtəlif fəal oyunların köməyi ilə uşağın inkişafında şəxsən iştirak etməyə çağırırlar.
Bununla yanaşı, tədqiqatçılar bəzi qadcetlərin uşağın təlimi üçün yüksək potensiala malik olmasını etiraf edirlər. Lakin valideynlər həmin cihazlardan heç də bu məqsədlər üçün istifadə etmirlər. Uşaqlar əksər hallarda cizgi filmlərinə baxır və ya onların diqqətini ifrat dərəcədə çəkən hansısa oyuncaqla oynayırlar. Bu, uşaqların bu və digər vərdişlərinin inkişafına kömək etmir.