Gənc əməkdaşlar "Gömrük andı" içiblər - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı günü ərəfəsində Dövlət Bayrağı Muzeyində təşkil olunan tədbirdə “Gömrük andı”nı sınaq müddətini bitirmiş və ilk xüsusi rütbələr verilmiş 20 gömrükçü qəbul edib.
Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli gənc gömrükçüləri salamlayıb. Əməkdaşlar təntənəli surətdə and içiblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Səhət Həbibbəyli “Gömrük andı”nı qəbul etmiş əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda uğurlar arzulayıb. Bildirilib ki, əsl gömrükçü olmaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməli, qanunvericiliyin tələblərinə sözsüz riayət etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq və mütəşəkkillik göstərilməlidir.
Sonra Dövlət Bayrağı Muzeyi ilə tanışlıq olub. Məlumat verilib ki, muzey dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Burada ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş etdirilir. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa edilmiş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları muzeyin ekspozisiyasında sərgilənir.