Şərur rayonunda bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək bildirib ki, muxtar respublikanın hər yerində olduğu kimi, Şərur rayonunda da müasir idman məktəbləri, idman qurğuları tikilərək istifadəyə verilib. Rayonda Olimpiya İdman Kompleksi, Uşaq-Gənclər İdman məktəbi, Şahmat məktəbi, 13 müxtəlif federasiya bölməsi və 3 idman növü olmaqla, cəmi 16 qrup fəaliyyət göstərir. Hazırda rayonda idmanın müxtəlif növləri ilə məşğul olanların sayı 5753 nəfərdir.
Bildirilib ki, Şərur rayonunda 58 idman zalı, 1 tennis kortu, 2 trinajor zalı, 1 şahmat binası, 1 üzgüçülük hovuzu, 1 atıcılıq tiri, 2 kompleks idman qurğusu, 6 stadion, 5 mini futbol meydançası, 1 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Rayonun Aşağı Yaycı, Dəmirçi, Aralıq, Mahmudkənd, Arbatan kəndlərindəki stadionlar son illərdə əsaslı təmir olunaraq istifadəyə verilib. Şərur şəhərində şahmat məktəbi, bütün ümumtəhsil məktəblərində isə hər cür təchizatlı şahmat sinifləri şagirdlərin istifadəsinə verilib.
Kamal Cəfərov idmançılar üçün yaradılan şəraitlə bağlı vurğulayıb ki, mövcud idman infrastrukturu və idmançılara göstərilən dövlət qayğısı nəticəsində 2018-ci il ərzində rayonun idmançıları bir sıra nailiyyətlər əldə ediblər. Belə ki, rayon məktəblisi Yeganə Əhmədova Mingəçevir şəhərində keçirilən şahmat üzrə zona yarışında öz yaşıdları arasında 2-ci yerə, Naxçıvan şəhərində 2018-ci il 7-9 dekabr tarixlərində keçirilən seçmə yarışında isə 1-ci yerə layiq görülüb. Yeniyetmə idmançı Həsən Babayev və Gülcahan Əliyeva ağır atletika üzrə Azərbaycan birinciliyinin qalibi olublar. Gənclər arasında ağır atletika üzrə Azərbaycan çempionatında Tərminxan Babayev Azərbaycan Çempionu adını qoruyub saxlamaqla bərabər, oktyabr ayında Argentinanın paytaxtında keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edərək gümüş medal qazanıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-ci il 10 dekabr tarixdə “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Müşavirədə qarşıya çox mühüm vəzifələr qoyulub.
Kamal Cəfərov qarşıda duran vəzifələrdən bəhs edərək qeyd edib ki, sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolunu nəzərə alaraq ümumtəhsil məktəblərində fiziki-tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, rayon Uşaq-Gənclər İdman Məktəbinin və Şərur Rayon Şahmat Məktəbinin fəaliyyəti gücləndirilməli, mövcud stadionlardan səmərəli istifadə edilməli, o cümlədən idman obyekt və qurğularının qorunması diqqət mərkəzində saxlanılmalıdır.
2019-cu ildə rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsi idmanın kütləviliyini təmin etmək üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, bədən tərbiyəsi və idmanın rayonda hərtərəfli inkişafına nail olunmalıdır.
Müşavirədə məşqçi müəllim və idmançı şagirdlərə hədiyyələr verilib, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Şərur Rayon Bölməsinin 2019-cu ilə dair iş planı təsdiq olunub.
Turab Hacızadə