Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, gömrük qanunvericiliyinə əsasən biznes subyektləri tərəfindən qısa idxal bəyannaməsinin təqdim olunması öhdəliyi ilə bağlı dəyişikliklər fevral ayının 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113-cü maddəsinə edilmiş dəyişikliklərə görə mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi təqdim olunmalıdır. Bu tələb fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi hallarına aid deyil.
Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilməlidir. Bunun üçün şəxslər “Asan imza” və ya “Elektron imza” vasitəsi ilə Elektron Hökumət Portalına daxil olub “Dövlət Gömrük Komitəsi”ni, oradan da “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi” xidmətini seçməlidirlər. Qısa idxal bəyannaməsi məhz gömrük orqanlarının bu elektron xidmət bölməsinə giriş etməklə tərtib oluna bilər. Risklərin təhlili, o cümlədən gömrük nəzarətinin aparılması üçün tələb olunan həmin elektron sənəddə zəruri məlumatlar düzgün əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı bir saat əvvəl gömrük orqanına təqdim olunmalıdır. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Mal sahibləri sözügedən elektron sənədi gömrük təmsilçiliyi xidmətindən yararlanmaqla da təqdim edə bilərlər. Bunun üçün “Naxçıvanterminalkompleks” Birliyi tərəfindən muxtar respublikanın bütün gömrük sərhəd buraxılış məntəqələrində təmsilçilik xidməti göstərilir.
Onu da qeyd edək ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçi üçün inzibati məsuliyyət yaratsa da, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən fevral ayının 1-dən etibarən qısa idxal bəyannaməsinin əvvəlcədən, yəni mallar gömrük ərazisinə gətirilməzdən öncə elektron formada təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə ediləcək.
Gömrük qanunuvericiyliyində edilmiş bu dəyişliklərin tətbiqi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradacaq.