Naxçıvan Muxtar Respublikası idarə və təşkilatlarında icbari tibbi sığorta haqqında maarifləndirmə tədbirləri davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbirlər davam edir.
İyun-sentyabr aylarında təşkil olunan maarifləndirici tədbirlər Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində, Azərbaycan Gənclər Fondunun Naxçıvan filialında, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsində, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində və bir sıra təhsil müəssisələrində təşkil olunub.
Maarifləndirici görüşlərə müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları və digər əhali kateqoriyalarından vətəndaşlar dəvət olunublar.
Keçirilən tədbirlərin davamı olaraq 2024-cü il 26 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində maarifləndirici görüş keçirilib.
Agentliyin əməkdaşı Gülxatın Zeynalova tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər haqqında ətraflı məlumat verilib.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
Məlumat üçün bildirilir ki, hər bir qurum əməkdaşlarının icbari tibbi sığorta sistemi haqqında məlumatlılığının artırılması ilə bağlı Agentliyə müraciət edə bilər.