Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Fərzəliyevin doğum günüdür

A- A A+

İnsan Vətənini sevib, qorumalı, lazım gəldikdə onun uğrunda canından belə keçməyi bacarmalıdır. Vətən üçün canını verib, onu düşmənlərdən qoruyaraq qəhrəman adını qazanan oğullardan biri idi, Pəhlivan Fərzəliyev. Uzun illər vətənə xidmət edib, əhalinin təhlükəsiziliyini təmin edən Pəhlivan sonra düşmən önündə igidcəsinə dayanıb, torpaqlarımızın işğal olunmasına göz yummayan igid oldu. O, qısa xidməti ilə qəhrəmanlıq dastanı yazmağı bacardı.

Vətəni canından çox sevən qəhrəman 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində anadan olub. Orta məktəbi 8-ci sinfə kimi oxuyan Pəhlivan Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olaraq təhsilinə davam edir. Bu illər ərzində idmanın güləş növü ilə məşğul olan qəhrəman bir çox yarışlarda iştirak edərək qalib olur. O, təhsilini başa vurduqdan sonra Füzuli rayonunda əmək fəaliyyətinə başlayır. Bir il burada işlədikdən sonra ordu sıralarına çağrılan Pəhləvan Fərzəliyev əsgəri xidmətini qüsursuz yerinə yetirir. Hərbi xidmətdən təxris olunan qəhrəman işləmək üçün Qazaxıstanın Aktyubinsk şəhərinə gəlir. Burada daxili işlər orqanlarında işə düzələn Pəhlivan ali təhsil almaq üçün hazırlaşır. O, Orenburq Politexnik Universitetinə daxil olaraq avtomobil nəqliyyatı fakültəsini bitirir. Dörd il Aktyubinsk şəhər Daxili İşlər Orqanlarında işləyən Pəhləvan Fərzəliyev baş leytenant rütbəsi ilə vətənə qayıdaraq Füzuli rayon DİŞ-də növbətçi inspektor vəzifəsinə təyin edilir. Bir il sonra Füzuli rayon DİŞ-də post-patrul rotası yaradılaraq rotanın 3-cü taqımına komandir təyin olunur. Qüsursuz xidmətinə görə ikinci vəzifəyə verilən Pəhləvan Fərzəliyev ekipaj komandiri vəzifəsini də icra edir. Həmin dövrdə hücumlara başlayan ermənilər, Füzuli rayonundakı sərhəd kəndlərini də atəşə tuturlar. Bu hücumların qarşısının alınmasında rəşadət göstərən baş leytenant bölüyü ilə birlikdə bir çox uğurlu döyüş əməliyyatında iştirak edir. Xələfşə kəndi uğrunda qəhrəmanlıq göstərən Pəhləvan Fərzəliyev bir qrup erməni yaraqlısı və bir BTR məhv edərək düşməni geri çəkilməyə məbur edir. Son döyüşü 1992-ci il aprel ayının 11-də olan qəhrəman Qacar kəndi uğrunda gedən ağır döyüşdə cəsarət və mərdlik göstərir. Sayca çox olan düşmənlə böyük mübarizə aparan baş leytenant aldığı güllə yarası ilə qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilir.

Vətən torpaqlarının qorunmasında igidlik göstərib, vəzifə borcunu qüsursuz yerinə yetirən baş leytenant Pəhləvan Fərzəliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Xatirəsi əziz tutulan qəhrəmanın adı Nizami rayonu, Keşlə qəsəbəsindəki küçələrdən birinə verilib.

Ruhun şad olsun, vətən oğlu! Uğruna mübarizə apardığın vətən torpaqları, Füzuli rayonu dörd ildir ki, işğaldan azad edilərək Vətənimiz bütövləşibdir. Artıq heç bir qarış torpağına yağılar ayaq basa bilmir. Bütün bunları vətənimizi canından çox sevib, gözü kimi qoruyan qeyrətli oğullarımıza borcluyuq.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: