NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində publisist-politoloq Reyhan Mirzəzadənin “Aleksandr Sergeyeviç Qriboyedov: Şair-diplomat” kitabının müzakirəsi keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitab haqqında ətraflı bəhs edərək qeyd edib ki, əsərdə polyak əsilli tanınmış rus dramaturqu, yazıçı və diplomat Aleksandr Qriboyedovun həyat və fəaliyyətindən bəhs olunur, onun ikinci Rus-İran müharibəsinin nəticəsi olaraq meydana çıxan Türkmənçay sülh müqaviləsinin hazırlanıb imzalanmasındakı fəaliyyəti diqqətə çatdırılır. Qriboyedovun görkəmli tarixçi və mütəfəkkir Abbasqulu ağa Bakıxanovla dostluğu və işgüzar əlaqələrindən də bəhs edilən kitabda rus diplomatının Naxçıvan haqqında qeydləri də diqqəti cəlb edir. O, Naxçıvanın tarix və təbiətinə, mədəni mühitinə, zəhmətkeş və vətənpərvər insanlarına heyranlığını dilə gətirir. Diqqətə çatdırılıb ki, kitab həmçinin yazıçının yaşadığı dövrdə ermənilərin torpaqlarımıza məqsədli şəkildə yerləşdirilməsi və bu istiqamətdə Rusiyanın apardığı siyasəti araşdırmaq üçün də qiymətli mənbədir. Bu baxımdan kitabda Qriboyedovun 1828-ci ildə Culfa şəhərində Rusiya İmperatoruna və general Paskeviçə yazdığı məktublar daha çox diqqəti çəkir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov Aleksandr Qribodeyovun diplomatik fəaliyyəti və bədii yaradıcılığından ətraflı bəhs ediblər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, verilən suallara aydınlıq gətirilib.