Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, zəhmətkeş və məhsuldar epiqraf alim Hacıfəxrəddin Səfərli yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda əqidəliliyi, prinsipiallığı və əzmkarlığı ilə tanınan ziyalıdır. Naxçıvan Dövlət Universitetinin məsləhətçı-professoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor kimi o, ömrünün 50 ilə yaxın dövrünü Azərbaycan elminin və təhsilinin inkişafına həsr etmişdir. Hacıfəxrəddin Səfərli 75 illik ömür yolunda vətən tariximizin ən problemli və aktual məsələlərinin obyektiv həllində böyük səylər göstərmiş, yüzlərlə gəncin maariflənməsində, vətəndaş kimi formalaşmasında yaxından iştirak etmişdir.
Hacıfəxrəddin Yəhya oğlu Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuş, 1955-1966-cı illərdə Cəhri kənd orta məktəbində təhsil almışdır. 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının Tarix fakültəsinə qəbul olmuş, 1971-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. Elə həmin ildən də, Cəhri kənd orta məktəbinə tarix müəllimi təyin olunan Hacıfəxrəddin Səfərli qısa müddət ərzində tədris prosesində uğurlar qazanaraq şagird və müəllim yoldaşlarının sevimlisinə çevrilmişdir. Hələ ali təhsil aldığı illərdə Tələbə Elmi Cəmiyyətinin tədbirlərində aktiv iştirakı ilə tanınan Hacıfəxrəddin müəllimin elmi-tədqiqat işinə olan marağı onu 1979-cu ildə Azərbaycan EA-nın Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi kimi çalışmasına gətirib çıxarmışdır.
Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərindən ilham alan Hacıfəxrəddin Səfərlinin tarix elmini və onun metodologiyasını dərindən bilməsi, eyni zamanda yüksək intellekt, zəka və məntiqə malik olması sayəsində Azərbaycan tarixşünaslığında Orta əsr mədəniyyətimizlə bağlı öyrənilməmiş, təhrif edilmiş bir çox məsələlərə aydınlıq gətirilmiş, mühüm tarixi məlumatlar və faktlar aşkar edilmişdir. Elmi tədqiqatlarında son dərəcə dəqiqliyi ilə seçilən Hacıfəxrəddin Səfərli bir alim kimi, araşdırdığı tarixi hadisələri dərin təhlildən keçirərək mühüm elmi nəticələr əldə etməyə müvəffəq olmuşdur. Onun əsərləri ardıcıllığı, faktoloji materialların zənginliyi, sadə dillə izah və şərh edilməsilə seçilir.
Hacıfəxrəddin Səfərli uzun illərdir ki, Azərbaycanın Orta əsr tarix və mədəniyyətinin öyrənilməsində xüsusi yeri olan epiqrafik abidələrimizlə bağlı tədqiqatlar aparır. İslamın yayıldığı zamanlardan meydana gələn müxtəlif təyinatlı tarixi-memarlıq nümunələrimizin elmi ictimaiyyətə bəlli olmayan tərəflərini öyrənir, bununla bağlı monoqrafiya, kitablar və məqalələr hazırlayıb elmi ictimaiyyətə və geniş oxucu kütləsinə çatdırır.
Naxçıvan Muxtar Respublikası ərazisində günümüzədək gəlib çatan və tədqiqini gözləyən müxtəlif təyinatlı bir sıra türk-islam mədəniyyəti nümunələri, o cümlədən məscidlər, mədrəsələr, türbələr, xanəgahlar, imamzadələr, körpülər, karvansaralar, hamamlar və sairə onun tərəfindən tədqiq olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Eyni zamanda üzərində olan kitabələrin oxunması sayəsində bir sıra tarixi-memarlıq nümunələrinin inşa və bərpa olunma tarixini müəyyən etməklə yanaşı, həm də, o, bu abidələri inşa edən bəzi memarlar barəsində də ümumi məlumatların aşkar edilməsinə nail olmuşdur. Ümumiyyətlə, alimin apardığı tədqiqatlar nəticəsində Orta əsr Azərbaycan sənətkarları tərəfindən yaradılmış çoxlu tarix və mədəniyyət abidəsinin, qəbiristanlığın, yaşayış məskəninin dövrü, tarixi müəyyən edilmiş, elmə məlum olmayan çoxlu sayda görkəmli şəxsiyyətin, o cümlədən dövlət xadimlərinin, alimlərin, sufi şeyxlərinin, sənətkarların və s. adları aşkar olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Kitabələr vasitəsi ilə qəbirlərinin yeri və vəfat tarixləri aşkar edilən insanların adlarına əlavə olunan titulların təhlili nəticəsində həmin şəxsiyyətlərin Orta əsr feodal cəmiyyətində tutduğu mövqe və yer haqqında əsaslı fikirlər söylənmişdir.
"Naxçıvan MSSR-in ərəb-fars dilli kitabələri tarixi mədəniyyət abidələri kimi (XVI-XIX əsrlər)" adlı namizədlik dissertasiyası üzərində çalışan Hacıfəxrəddin Səfərli vətən tarixinin ən aktual və gərəkli bir sahəsinin tədqiqinə həsr olunmuş bu əsərini tamamlayaraq 1987-ci ildə uğurla müdafiə etmiş və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Hələ dissertasiya mövzusu üzərində tədqiqat apararkən o, demək olar ki, Naxçıvanın ən ucqar yaşayış məskənlərinə səfərlər edərək yeni maddi-mədəniyyət abidələrinin, xüsusilə kitabələrin aşkar edilməsinə və tədqiq edilməsinə nail olmuşdur. Qısa müddət ərzində yüksək elmi tədqiqat bacarığı nümayiş etdirən və yeni elmi müddəaları ilə qəbul olunmuş alim Naxçıvan Regional Elmi Mərkəzinin "Arxeologiya və etnoqrafiya" şöbəsində böyük elmi işçi və şöbə müdiri vəzifələrinə yüksələ bilmişdir.
"Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər" mövzusunda doktorluq dissertasiyası üzərində işləyən yorulmaz alimin bu elmi tədqiqat işində tarix elminə gətirdiyi elmi yeniliklər, maddi-mədəniyyət nümunələri, xüsusilə epiqrafik abidələrin məlumatları əsasında Naxçıvan tarixinin Orta əsrlər dövrünün sosial-siyasi, dini, mədəni, ideoloji həyatının obyektiv mənzərəsi öz yüksək elmi həllini tapa bilmişdir. Tədqiqat zamanı indiyədək tarix elminə məlum olmayan yeni epiqrafik abidələr aşkarlanaraq elmi dövriyyəyə daxil edilmiş, bu günədək haqqında pərakəndə fikirlər səslənən abidələr isə yeni elmi yanaşma üsulları ilə tədqiqata cəlb olunmuşdur.
Tarix elminin ən mühüm sahələrindən olan, lakin o qədər də tədqiqatçısı olmayan, ağır zəhmət tələb edən epiqrafika sahəsində öz elmi dəst-xəti olan Hacıfəxrəddin Səfərlinin tədqiqat sahəsi həm də çox mühüm strateji əhəmiyyət kəsb edir. Tarixi düşmənlərimiz olan ermənilər Naxçıvana olan ərazi iddialarını dünyanın müxtəlif ölkələrində saxtakarlıqla səsləndirib, bu ərazilərdə ermənilərə məxsus qəbirüstü abidələrin üstünlük təşkil etməsi iddiaları ilə beynəlxalq ictimaiyyətin diqqətini çaşdırmaq istəyirlər. Bu baxımdan professor Hacıfəxrəddin Səfərlinin Naxçıvanın müxtəlif yaşayış məskənlərindən aşkar edərək elmi dövriyyəyə daxil etdiyi Orta əsrlər dövrünə aid yüzlərlə müsəlman kitabələri, fikrimizcə, ermənilərin torpaq iddialarına ən layiqli elmi cavab kimi qiymətləndirilməlidir. Hacıfəxrəddin Səfərlinin əsərlərində epiqrafik abidələrin məlumatları əsasında Orta əsr Naxçıvan tarixinin müxtəlif problemlərinə dair irəli sürülmüş fikirlər bütövlükdə Naxçıvan tarixinin öyrənilməsinə xidmət edən sanballı tədqiqatlardır. Alim sadəcə epiqrafik abidələrin mətnini oxumaqla tədqiqata cəlb etməmiş, həm də Naxçıvanın Orta əsrlər dövründə sosial-siyasi vəziyyəti, iqtisadi həyatı, ticarət əlaqələri, mədəniyyəti, ideoloji məsələlərini bütövlükdə öyrənmişdir.
Hacıfəxrəddin Səfərlinin gərgin elmi fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisindəki epiqrafik abidələr ilk dəfə olaraq sistemli şəkildə tədqiq olunmuşdur: 600-dən artıq epiqrafik abidə qeydə alınmış, onların estampları, fotosu, ölçüsü götürülmüş, mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilmişdir. Həm də bu kitabələrin əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Bu kitabələrdəki məlumatlar Azərbaycanın Orta əsrlər dövrü tarix və mədəniyyətinin öyrənilməsində dəyərli mənbəyə çevrilmişdir.
Tədqiq olunan kitabələrin məlumatları əsasında alim tərəfindən ilk dəfə olaraq Orta əsrlər zamanı Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlər öyrənilmişdir. Məlum olmuşdur ki, Naxçıvanda Səfəviyyə, Bektaşiyyə, Hürifiyyə, Nöqtəviyyə, Qələndəriyyə və s. kimi sufi təriqətlərinə mənsub çoxlu xanəgahlar fəaliyyət göstərmişdir.
Hacıfəxrəddin Səfərlinin tədqiqatlarınin nəticələri öz əksini 600-ə yaxın elmi və elmi-kütləvi əsərdə, o cümlədən 40-dan artıq kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait və dərs proqramında, 350-dən artıq elmi məqalə və tezisdə, 200-ə yaxın qəzet məqaləsində tapmışdır. Həmçinin alim çoxlu ümumiləşdirici əsərin, o cümlədən 2 cildlik "Naxçıvan ensiklopediyası"nın, Azərbaycan və ingilis dillərində buraxılmış "Naxçıvan abidələri ensiklopediyası"nın, "Naxçıvan tarixi atlası"nın, 3 cildlik "Naxçıvan tarixi"nin, "Dədə Qorqud yurdu-Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlasın, 2 cildlik "Naxçıvan etnoqrafiyası"nın I cildinin əsas müəlliflərindən biridir. Bu əsərlər həm də onun AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna rəhbərlik etdiyi dövrdə hazırlanaraq nəşr etdirilmişdir.
Professor Hacıfəxrəddin Səfərli bir sıra beynəlxalq (Türkiyə, Bolqarıstan, Rusiya, İran, Azərbaycan və s.) və respublika miqyaslı simpozium və konfranslarda iştirak və məruzələrlə çıxış etmişdir. O, çoxlu kitab, monoqrafiya, dissertasiya və avtoreferatlara rəy vermiş, kitab və monoqrafiyalara redaktorluq etmişdir. Fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarına opponent olmuş, rəhbərliyi ilə bir neçə fəlsəfə doktoru hazırlanmışdır. Elmdə əldə etdiyi uğurlara görə 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Hacıfəxrəddin Səfərli 1995-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent və nəhayət, 2006-cı ildən isə professor kimi səmərəli fəaliyyəti ilə yanaşı, bir ziyalı və ictimaiyyətçi kimi də yüksək etimad qazanmışdır. Onun pedaqoji, təşkilatçılıq və idarəçilik keyfiyyətləri sayəsində yüzlərlə gənc bu gün cəmiyyətimizdə layiqli yer tutmuş və ölkənin siyasi, ictimai, elmi həyatında fəal iştirak etməkdədir.
Hacıfəxrəddin Səfərli uğurlu elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, respublikamızın ictimai-siyasi həyatında və idarəçilik sistemində fəallığı ilə seçilir. O, 2010-2024-cü illərdə 3 çağırış (IV, V, VI çağırış) Naxçıvan MR Ali Məclisinin deputatı, Ali Məclisin "Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi"nin sədri seçilmişdir. Həmçinin o, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının və YAP Naxçıvan şəhər təşkilatının Şura üzvü olmuşdur.
Tükənməz səbri, sözü ilə əməlinin vəhdəti, əqidə bütövlüyü, məslək saflığı, haqqa-ədalətə sonsuz inamı, nəhayət, ziyalı adını, intellekt səviyyəsini qoruyub saxlaya bilməsi, xislətinə xas olan mənəvi təmizliyi onu təkcə tələbələrin deyil, eyni zamanda iş yoldaşlarının, bütün kollektivin istəkli, mehriban, xeyirxah məsləhətçisinə çevirmişdir. İnanırıq ki, görkəmli tarixçi alim hələ uzun illər cəmiyyətimizin inkişafına daha böyük töhfələr bəxş edəcəkdir.
Elbrus İSAYEV,
Naxçıvan Dövlət Universitetinin rektoru