Bu gün şəhid leytenant Babək Əliyevin doğum günüdür

A- A A+

44 günlük Vətən müharibəsi başlayanda bütün hərbçilərimiz kimi leytenant Babək Əliyev də döyüş əmri verilən andan düşmənlə mübarizə aparıb, döyüş meydanında əsl qəhrəmanlıq göstərib.

Babək 1997-ci il oktyabr ayının 1-də Culfa rayonunun Ləkətağ kəndində anadan olub. Orta məktəbi 8-ci sinfə kimi oxuyan Babək 2013-cü ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olur. Hərb sənətinə olan sevgisi gənc kursantı 2016-cı ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə gətirir. Burada ali təhsil alan Babək hərbi sirlərə dərindən yiyələnir. O, nümunəvi kursant olaraq “Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülür. Təhsilini başa vuran Babək Əliyev leytenant rütbəsi ilə ilk xidmətinə Qazax rayonunda yerləşən “N” hərbi hissədə başlayır.

 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində döyüşlərə qatılıb torpaqlarımızın işğaldan azad olunmasında böyük rəşadət göstərib. Gənc leytenant Babək Əliyev Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edərək bölüyü ilə birlikdə mənfur düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edib. Qələbənin qazanılmasında misilsiz payı olan Babək sonra 2022-ci ilin avqust ayının əvvəllərində Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatında bir sıra əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində qəhrəmanlıq göstərir. Bölmələrimiz tərəfindən nəzarətə götürülmüş ərazilərdə xidmətinə davam edən Babək Əliyev 2022-ci il avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhidlik zirvəsinə ucalır. Avqustun 6-da Naxçıvana gətirilən şəhidimiz doğulduğu Culfa rayonunun Ləkətağ kənd qəbiristanlığında dəfn edilir.

Ölkənin ərazi bütövlüyünün qorunub, saxlanılmasında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində şəxsi igidlik göstərən şəhid leytenant Babək Əliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilir.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: