NUHÇIXAN xəbər verir ki, YAP Babək Rayon Təşkilatının şura yığıncağında 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib, təşkilatın təsis olunmasının 26 illiyi qeyd edilib.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının əhatə etdiyi 56 ilk partiya təşkilatında 6862 partiya üzvü var. Partiya üzvlərindən 2187-si gənc, 2905-i isə qadındır. Ötən il ayda bir dəfə olmaqla, idarə heyətinin 12 iclası keçirilib, 4 dəfə Şura yığıncağı təşkil olunub. Ərazi ilk partiya təşlilatlarında partiya sənədləri yoxlanılıb, mövcud nöqsanlarla bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
İsa Məmmədov qeyd edib ki, yanvarın 30-da Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının yaradılmasının 26 ili tamam olur. Ötən dövr ərzində təşkilat böyük inkişaf yolu keçib, partiya üzvləri muxtar respublikanın, eləcə də Babək rayonunun inkişafında yaxından iştirak ediblər.
Babək Rayon icra Hakimiyyətinin başçısı, şura üzvü Rasim Hüseynov qeyd edib ki, 2018-ci ildə təşkil olunmasının 40 illik yubileyini qeyd edən Babək rayonunda bir sıra quruculuq işləri aparılıb, ucqar dağ və sərhəd kəndləri abadlaşdırılıb, dövlət qurumları və ictimai təşkilatlar üçün yaxşı iş şəraiti yaradılıb, su-kanalizasiya sistemlərinin çəkilişi uğurla davam etdirilib, tarixi-mədəni irsə həssaslıqla yanaşılıb.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı fəaliyyət göstərdiyi 26 il ərzində partiya nizamnaməsinin tələblərini əsas tutaraq fəaliyyətini davam etdirib, öz ətrafında ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq partiya üzvlərini toplayıb.
Şura yığıncağında çıxış edən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli qeyd edib ki, ötən 2018-ci ildə rayon təşkilatında partiya sıralarına 117 nəfər üzv daxil olub. Qəbul olunanların 65 nəfərini rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımız təşkil edir. Hal-hazırda Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının üzvlərinin 2 min 884 nəfəri qadındır. Bu qadın üzvlərin demək olar ki, hamısı müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Üzvlərin içərisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, elm adamları, şairlər, yazıçılar, hüquqşünaslar, müxtəlif adlara layiq görülmüş müəllim, həkim, eyni zamanda mədəniyyət işçiləri də vardır.
Təşkilatın Gənclər Birliyinin sədri, şura üzvü Elnur Abbasov bildirib ki, 2018-ci ildə partiya sıralarına qəbul olunanların 85 nəfəri gənclərdir. Onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Şura yığıncağında təşkilatın 2019-cu il üçün iş planı təsdiq olunub.
Əbülfəz Dünyamalıyev