Diqqət! Sürücülər və piyadalar bu nömrəni bilirdinizmi? - (060) 500-09-02

A- A A+

Son zamanlar Naxçıvan Muxtar Respublikasında artan nəqliyyat sıxlığı həm sərnişinləri, həm sürücüləri, həm də piyadaları narahat edir. Hər kəs gecikmədən mənzilbaşına tez çatmaq istəyir. Əsasən də, bu hallar iş başlanğıcı, nahar və iş çıxışı vaxtlarına təsadüf edir. Əksər hallarda uzun tıxacların səbəbi düzgün dayanma-durma qaydalarına əməl etməyən sürücülər, piyada zolağından istifadə etməyən piyadalar və səriştəsiz sürücülər olur. Bəs çıxış yolu nədir? Elə mənzilbaşına hər zaman qaçaqaç, qovhaqovlamı çatmalıyıq? Yoxsa qanun pozuntularını görüb gözümüzü yummalıyıq? Və yaxud düşüb dava çıxarmalıyıq? Əlbəttə, xeyir.

2023-cü ilin iyul ayından etibarən Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin qaynar xətti fəaliyyətə başlayıb. (060) 500-09-02 nömrəsi 24 saat ərzində həm müəyyən qayda pozuntuları haqqında, həm də təkliflərə açıqdır. Bu “Watshap” nömrəsinə vətəndaşlar yolda qarşılaşdıqları neqativ hadisələri, qəzaları, işıqforların işləməməsi və qəza törənə biləcək bütün halları və qayda pozuntularını göndərə, məlumat verə bilərlər. Bu qaynar xətti yaratmaqda əsas məqsəd odur ki, sürücülər bilsin ki, onlara təkcə ərazidə xidmət aparan yol polisləri, təhlükəsiz şəhər kameraları nəzarət etmir, həmçinin ictimai nəzarət var. Bu qaynar xəttə daxil olan bütün məlumatlar dərhal qeydiyyata alınır və araşdırılmalar aparılaraq xəta törədənlərə protokol tərtib olunur. Gördüyünüz bütün qayda pozuntularını telefonunuzun yaddaş qurğusuna foto və video formatda qeyd edib (060) 500-09-02 nömrəsinə göndərin. Bir-birimizin təhlükəsizliyini təmin etmək qorumaq üçün islahatlara dəstək olmağı bacarmalıyıq. “Əşi mənə nə” demək əvəzinə, qanun nədirsə onu da tələb etməyi bacarmalıyıq.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov Nuhçıxana müsahibəsində bildirir ki, 24 saat fasiləsiz fəaliyyət göstərən DYP-nin əsas məqsədi yol-nəqliyyat hadisələrinin qarşısını almağa, piyada keçidlərinə nəzarət etməyə, sürücüləri və piyadaları yol hərəkəti qaydalarını pozmamağa təşviq edir. “Diqqət, uşaqlar!” və “Piyadalar, diqqətli olun!” adlı maarifləndirici tədbirlər mütəmadi davam etdirilir. Əsas məqsəd tələbə və şagirdlərə küçə və yollarda davranış qaydalarını aşılamaq, eyni zamanda sürücülərimizi diqqətli olmağa dəvət etməkdir. Yol kənarında yerləşən tədris müəssisələrinin yaxınlığında olan piyada keçidlərində Yol Patrul Xidməti İnspektorlarının xidməti fəaliyyəti təşkil edilib. Həmin ərazilərdə olan piyada keçidləri yenilənib, onların yerini bildirən müvafiq məlumatverici və xəbərdaredici nişanlar quraşdırılıb və eyni zamanda sürət həddi 30 kilometr saata qədər endirilib. Sürücülər nəzərə almalıdır ki, dərs saatlarında piyadalardan istifadə edənlərin əksəriyyəti azyaşlılardır, buna görə də sürət həddinə ciddi diqqət yetirməlidirlər.

Mayor Ayaz İsmayılovun verdiyi məlumata görə, 2024-cü ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsində vətəndaş müraciəti üçün yaradılan (060) 500-09-02 “Whatsapp” xidmətinə 59 müraciət daxil olmuş, DYP tərəfindən araşdırılaraq yol hərəkəti qaydalarını pozan 52 sürücü barəsində müvafiq protokollar tərtib olunmuş və onlarla maarifləndirici profilaktiki söhbətlər aparılmışdır.

Arzu olunan hal budur ki, vətəndaşlar ictimai nəzarəti gücləndirsin. Təkcə piyada və sürücüləri deyil, gördükləri bütün qayda pozuntularını ictimailəşdirsinlər. Burada əsas məqsəd protokol tərtib etmək yox, ictimai nəzarətin daha da güclü olduğunu göstərməkdir.

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: