Manya Səxavətqızının Naxçıvanda növbəti kitabı təqdim olunub - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Vətən Fədailəri” İctimai Birliyinin rəhbəri, şairə-publisist Manya Səxavətqızının şəhid kapitan Şahmar Quliyevə həsr etdiyi “Şahmarın eşq əsəri” kitabının təqdimatı keçirilib.
Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Naxçıvan Qarnizonu hərbi orkestrinin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
“Vətən Fədailəri” İctimai Birliyinin rəhbəri, şairə-publisist Manya Səxavətqızı şəhid kapitan Şahmar Quliyevə həsr etdiyi “Şahmarın eşq əsəri” kitabı haqqında ətraflı məlumat verib. Bildirib ki, kitabda Vətən müharibəsində qəhrəmanlıq salnaməsini qanı ilə tarixə yazan Şahmar Quliyevin bu dünyaya gəlişindən şəhid kimi əbədiyyətə gedişinə qədər yaşadığı və yaşatdığı bütün duyğular sətir-sətir canlanıb. Şahmarın Vətən və yar eşqi bu kitabda tarix olub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova Vətən müharibəsində xalq-ordu birliyinin möhkəmliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımlarından danışıb. Bildirib ki, xalqımız qəhrəmanlarını unutmur, onları ürəyində, yaddaşında yaşadır, əziz xatirələrini daim yad edir, gələcək nəsillərə ötürür. Təqdimatı keçirilən kitab da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfədir.
Şəhid kapitan Şahmar Quliyevin anası Səkinə Quliyeva oğlunun qəhrəmanlığı ilə fəxr etdiyini diqqətə çatdırıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirdə şəhidin kursant yoldaşı Yusif Nəcəfov, “Vətən Fədailəri” İctimai Birliyinin üzvü Şahin Məmmədov, şəhid Toğrul Məmmədovun qardaşı, Ali Məclisin deputatı Üzeyir Məmmədov, Əlahiddə Ümumqoşun Ordunun zabiti, mayor Bəhruz Ziyadov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev və şəhid valideynləri adından çıxış edənlər Şahmar Quliyevin keçdiyi şərəfli döyüş yolundan və Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Ordumuzun qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən fəxarətlə bəhs ediblər.
Tədbirdə şəhid kapitan Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.
Sonda müaəllif “Şahmarın eşq əsəri” kitabı tədbir iştirakçılarına təqdim edib, xatirə fotosu çəkdirilib.
Tədbir iştirakçıları Naxçıvan şəhərində şəhid məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.