"Nuhçıxan"dan dünyaya

A- A A+

Biz XX əsrin bəşəriyyət üçün sürprizlər sandığından bir–bir çıxardığı çox möcüzələrin şahidi olmuşuq. Fantastik xəyalların gerçəkliyə çevrilməsi yaşadığımız dövrün ən nəzərəçarpan əlaməti kimi özünü təsdiq etməkdədir. Dünyada bəzən elə kəşflər olur ki, onların müəllifləri həmin dövr üçün öz tapıntılarının mahiyyətini və miqyasını doğru-dürüst dəyərləndirə bilmirlər.

Yazının ixtirası, kağızın kəşfi, kitab çapının meydana çıxması bəşər tarixində yeni inqilabların təməli, bünövrə daşıdır. Daşlardan perqamentə, papirusdan kağıza və kitaba qədər təkamül edən informasiya daşıyıcısının ilkin vasitələri bizi qəzetdən radioya, televiziyadan internetə qədər gətirib çıxardı.

Radio bir möcüzə kimi meydana gəldi, bəşər övladı XX əsrin ortalarınadək - televiziya  meydana çıxanadək onu çox əzizlədi.

Televiziya ilə gizli rəqabət və ikincinin sürətlə inkişaf edərək sayı milyardı ötən tamaşaçı auditoriyasını ələ keçirməsi çox da uzun zaman almadı. Ağ-qara televizorlardan başlayaraq bugünkü rəngli və yüksək yayım keyfiyyətli televizorlaraqədər keçən təkamülə şahidlik edəcək insanların sayı indi də çoxdur.

Bütün bunlar informasiya inqilabının təzahürü olaraq bizi bu günə - internet və ya İKT əsri adlandırdığımız XXI əsrə qədər müşayiət edib. Çünki qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə informasiya və informasiya texnologiyalarından səmərəli istifadə ilə bağlıdır.

İnformasiya inqilabının təzahürü olan kompüter və internet istənilən formalı informasiyaları yadda saxlamağa, qeyri-məhdud məkanda yaymağa və gələcəyə ötürməyə imkan verir. Bunun da nəticəsində bəşər tarixində misli görünməmiş, çox yüksək sürətlə artan informasiya bolluğu, sözün həqiqi mənasında, informasiya seli yaranır.

Dünyada “informasiyalı cəmiyyət” dövrü formalaşır. Belə bir cəmiyyətdə vətəndaşların informasiya almaq hüququ cəmiyyətin və dövlətin demokratik göstəricisi kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, həm ölkəmizdə, həm də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda mətbuatın inkişafına həmişə xüsusi diqqət və qayğı göstərilir.

Bu sırada zəngin tarixə malik olan Naxçıvan teleradiosu da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son 20 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən televiziya və radionun fəaliyyətinə yüksək səviyyəli şərait yaradılmış, onun cəmiyyət həyatına təsirinin daha da artmasına nail olmaq baxımından muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan televiziyası və radiosunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Yeni studiya avadanlıqları, video kameralar, avtomobillər, kompüter dəstləri alınmış, teleradio müasir texniki avadanlıqlarla təchiz edilmiş, binası yenidən qurulmuşdur

86 il bundan əvvəl – 1932-ci il  aprelin 1-də Naxçıvanda yaradılan Radio Verilişləri Komitəsi bu gün gündəlik 18 saat yayımlanan və Azərbaycan haqqında, Naxçıvan Muxtar Respublikası haqqında dolğun informasiyanı internet üzərindən dünyanın hər bir nöqtəsinə çatdırmağa qadir olan Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə çevrilib. Bu gün artıq təqdimatı keçirilən "Nuhçıxan" İnformasiya Agentliyi (nuhcixan.az) isə bu tarixi prosesin davamı və Naxçıvanın informasiya blokadasını çoxdan yarmış kütləvi informasiya vasitələri sistemində bir ilkdir.

20 ildir blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasında informasiyalaşma kimi nəhəng prosesin getməsi, informasiya cəmiyyətinin yaranması bu diyarda təkcə informasiya texnologiyaları sahəsində deyil, ümumilikdə sosial-iqtisadi sahədə aparılan islahatların, görülən misilsiz işlərin yaratdığı inkişaf nəticəsində mümkün olub.

Bu gün Naxçıvan Dövlət Teleradiosu ölkəmizdə, o cümlədən muxtar respublikamızda baş verən ən mühüm hadisələri, xəbərləri peşəkarlıq və operativliklə yüz minlərlə tamaşaçı, dinləyici və oxucuya çatdırır, muxtar respublikanın bugünkü inkişaf tarixinin salnaməsini yaradır.

Güclü maddi-texniki imkanlar və təcrübəli əməkdaşların burda toplaşmasının nəticəsidir ki, bu gün Naxçıvan teleradiosunda "Nuhçıxan" İnformasiya Agentliyinin (nuhcixan.az)fəaliyyətə başlaması üçün də şərait yaranıb.

Agentliyin formalaşması üçün ilkin şərt informasiya bolluğunun olmasıdır. İnformasiya bolluğu isə görülən işin çox olması, daim inkişaf edən, yeniləşən mühitin varlığı deməkdir. Muxtar respublikamızda mövcud olan bu mühit də informasiyanın daha sürətli toplanması, yayılması və operativ çatdırılması üçün çevik kütləvi informasiya vasitəsinin meydana gəlməsini tələb edirdi.

Məhz bu tələbatın nəticəsi olaraq 2018-ci il aprelin 1-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən "Nuhçıxan" İnformasiya Agentliyi (nuhcixan.az) yaradılıb vəmuxtar respublikanın ilk informasiya agentliyi olmaq xüsusiyyətini özündə daşıyır.Agentliyin Nizamnaməsi isə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 2018-ci il 1 aprel tarixli kollegiya qərarı ilə təsdiq edilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2018-ci il aprelin 5-də qeydiyyatdan keçib.  Agentliyi Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İnformasiya təminatı və saytlarla iş redaksiyası idarə edir.

Yerli və xarici media orqanları üçün muxtar respublikada rəsmi dövlət informasiyasının əsas mənbəyi olan agentliyin fəaliyyətinin ilkin məqsədi rəsmi xəbərləri, muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları dolğun və operativ şəkildə ictimaiyyətə çatdırmaqdır.

"Nuhçıxan" İnformasiya Agentliyi ölkə, eləcə də muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları ictimai-siyasi, regional və beynəlxalq hadisələr barədə xəbərləri, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, infoqrafiya məhsullarını, dövlət orqanlarının rəsmi materiallarını öz kanalları (Naxçıvan Dövlət Televiziyası, Naxçıvan Dövlət Radiosu, naxcıvantv.az saytı), habelə beynəlxalq internet şəbəkəsi, üzvü olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi xarici ölkələrin informasiya agentliklərinin saytları və sosial şəbəkələr vasitəsilə yaymağı qarşıya məqsəd qoyub.

İnformasiya agentliyinin multimedialı, interaktiv, effektiv, fərdə yönəlik, ani, genişmiqyaslı, qənaətcil və sərhədsiz olmaq xüsusiyyətlərinə görə olduqca əhəmiyyətli olduğunu nəzərə alsaq "Nuhçıxan" İnformasiya Agentliyinin ölkə və muxtar respublika həqiqətlərini planetin hər istiqamətinə daha tez zaman dilimində çatdırmasına imkan yaradacaqdır. Bütün bunlar isə informasiyanın daha geniş yayılması, tez populyarlaşması, informasiya axınının sürətli olması və buna görə də geniş oxucu auditoriyası toplamasına əlverişli şərait yaratmış olur.

Müasir veb-texnologiyalar elektron mətbuat orqanlarının daha sürətli formalaşması və yayılmasına təkan verir. Məlumdur ki, virtual məkan formalaşdıqca internetin imkanlarından istifadə edərək informasiyanı əldə etmək, toplamaq, emal etmək və ötürmək xeyli asanlaşır. Artıq virtual məkanın yaratdığı imkanlar hesabına planetin hansısa nöqtəsində baş verən hadisə haqqında məlumatların operativ olaraq istənilən məkana çatdırılması an məsələsinə çevrilib.

İnternetin müraciətə tez bir zamanda reaksiya göstərməsi onun ən fərqli xüsusiyyətlərindən biridir. Həmçinin kommunikasiya imkanlarının genişliyi, vaxta və məkana görə məhdudiyyətin olmaması, dəqiq ünvana müraciət, istifadəçi üçün aydın və yüksək effektivlik, statistik analiz imkanlarının genişləndirilməsi bu sahəni daha məqsədəuyğun hesab edir.

İnternetin əsas xarakterik xüsusiyyətlərindən biri onun ilk növbədə sərhədsiz olmasıdır. O, yalnız poçt xidmətləri ilə məhdudlaşmır, eyni zamanda effektiv reklam, marketinq, məhsulların alışı və satışı, müştərilərə müxtəlif xidmətlərin göstərilməsi və s. deməkdir.

Bu aspektdən yanaşdıqda müasir texniki imkanlarla təmin olunmuş muxtar respublikamızın ilk informasiya agentliyi olan "Nuhçıxan"ın öz fəaliyyətini yeni metodlar vasitəsilə daha uğurlu qurmasına imkan verir.

Nuhdabandan başlayan bəşər sivilizasiyasına öz töhfəsini muxtar respublikada elektron mətbuat orqanının ilk nümunəsi olaraq "Nuhçıxan"la verən doğma məkan! Yeni fikrin, yeni addımın düşərli olsun!

 

                                                              Məmməd Babayev

Naxçıvan televiziyası

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: