NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
İclasda komissiyanın sədri Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 avqust tarixli Qərarına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib.
Ramilə Seyidova Naxçıvan Muxtar Respublikasında 2018-ci il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyəti haqqında məlumat verərək bildirib ki, hesabat ili ərzində 10 uşaq qəyyumluq və himayəyə verilib, həmin uşaqların evlərində monitorinqlər təşkil olunub, yaşayış şəraitləri öyrənilib, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilib. Bundan əlavə, bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 720 uşağa hədiyyə və sovqatlar verilib. Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunub. Həmçinin 11 uşaq övladlığa verilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanıb, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilib.
2018-ci ildə ixtisaslı həkim briqadaları tərəfindən pediatr olmayan və yaxud sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 12 min 359 uşaq müayinə olunub, ehtiyacı olanlara tibbi xidmət göstərilib. Bununla yanaşı uşaqların icbari dispanserizasiyası zamanı 21 min 956 uşaq müayinə olunub, 278 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyatına alınıb.
Ramilə Seyidova qeyd edib ki, hesabat dövrü ərzində 20 uşaq müəssisəsində dövri monitorinq keçirilib, monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılıb və nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara aktın surəti göndərilib.
Məruzə ətrafında çıxışlar dinlənilib.
Sonda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2019-cu il üçün “İş Planı” müzakirə edilib və iclasın qərarı təsdiq olunub.
İclasa Komissiyanın sədri Ramilə Seyidova yekun vuraraq bildirib ki, 2019-cu ildə də Komissiya tərəfindən qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar tədbirlər görüləcək.
Qeyd edək ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və ekspert qrupunun üzvlərinin, şəhər, rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədrlərinin və məsul katiblərin iştirak edib.
Cavid Səfərli