Əfsanəvi qəhrəman…

A- A A+

1995-ci il 28 oktyabr hadisəsi… Bakı sakinlərinin heç vaxt unuda bilmədiyi metro faciəsi… “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında hərəkət edən qatarın faciəvi şəkildə alov alması nəticəsində təşvişə düşən sakinlərin içərisində Cəmşid Naxçıvanski adına hərbi liseyin zabiti, baş leytenant Çingiz Babayev və kursantları da var idi. Onlar əhalinin qatardan çıxarılmasında fədakarlıq göstərib, onlarla insanın həyatını xilas etməyi bacarıblar. Elə həmin gün baş leytenant Çingiz Babayev göstərdiyi şücaətə görə xalqın milli qəhrəmanı adını qazanıb.

Əslən Naxçıvandan olan Çingiz Babayev 1964-cü il oktyabr ayının 2-də Bakı şəhərində anadan olub. Orta təhsilini Yasamal rayonu 20 saylı məktəbdə başa vuran Çingiz 1992-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq ali təhsil alır. O, sonra Məşğulluq Mərkəzində aparıcı mütəxəsis vəzifəsində əmək fəaliyyətinə başlayır. Burada bir müddət fəaliyyət göstərdikdən sonra Milli Ordu sıralarına daxil olan Çingiz Babayev "N" saylı hərbi hissədə qərargah rəisi vəzifəsində xidmətə başlayır. Qüsursuz xidmətilə seçilən Çingiz Babayev tezliklə baş leytenant rütbəsinə yüksələrək Cəmşid Naxçıvanski adına hərbi liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini vəzifəsinə təyin olunur.

1995-ci il oktyabr ayının 28-də həmişəki kimi vəzifə borcunu yerinə yetirib, axşam saatlarında bir neçə kursant ilə metroya gələn baş leytenant daxilində olduqları qatarın gözlənilmədən alovlanmasının və hadisənin böyüməsinin qarşısının alınmasında cəsarətli addımlar atır. O, kursantları, "Ulduz” stansiyasının metropoliten və polis işçilərinin dəstəyi ilə sərnişinlərin xilası və təxliyəsi üçün əlindən gələni əsirgəmir. Baş verən faciənin tezliklə qarşısını almağa çalışan Çingiz və kursantları- Nicat Səfərov, Ruslan İsayev, Samir Məmmədov canları bahasına olsa da, cəsarət göstərib, onlarla şərnişini od-alovun içindən xilas edə bilirlər. Ağır yanıq yaraları olan vətən oğulları bu uğurda öz canlarını fəda edirlər. Baş leytenant Çingiz Babayev Bakının Yasamal rayon qəbiristanlığında dəfn edilir.

Böyük şücaətlə qarşısı alınan hadisədə 289 sərnişin həyatını itirmiş, 270 nəfər isə xəsarət almışdı. Həmin günün səhəri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciət edərək, başsağlığı verir. Hadisədə vəfat edən insanların xatirəsinə ölkədə ikigünlük matəm elan olunur. Dövlət başçısının fərmanı ilə qatarda yanğının baş vermə səbəbinin araşdırılması üçün dünyanın 12 ölkəsindən mütəxəssis dəvət olunaraq istintaqa cəlb olunur. Aparılan araşdırmalar nəticəsində hadisənin texniki qəza nəticəsində baş verdiyi bildirilir.

Hadisə zamanı vətəndaşlıq borcunu yerinə yetirib, şəxsi igidlik göstərdiyinə görə baş leytenant Çingiz Babayev ölümündən sonra ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Xatirəsi əziz tutulan qəhrəmanın büstü Ulduz” metro stansiyası və Cəmşid Naxçıvanski adına hərbi liseyin qarşısında qoyulub. Xatirə lövhəsi təhsil aldığı Azərbaycan Texniki Universitetin, oxuduğu orta məktəbin və yaşadığı mənzilin binalarına vurulub. Bütün qəhrəmanlığını qələmə alan Südabə Sərvi müəllifi olduğu “Əfsanəvi qəhrəman” kitabını Çingiz Babayevə həsr edib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: