Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, paytaxt sakini olan 1936-cı il təvəllüdlü bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxladığını və gəlininin yol-nəqliyyat hadisəsi törətdiyini dediyini, daha sonra mənzilə gələn naməlum şəxsə 4 min manat verdiyi barədə polisə müraciət edib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində qeyd edilən qanunsuz əməllərə cəlb olunan Qazaxıstan vətəndaşı 2003-cü il təvəllüdlü Korlan Asan Berdimurat saxlanılıb.
Müəyyən edilib ki,saxlanılan şəxs məhz qeyd olunan qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə yaşadığı Çexiya Respublikasından Bakı şəhərinə gəlib. K.Berdimurat "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu naməlum şəxslərin göndərdiyi ünvanlara yollanaraq pulları zərərçəkənlərdən qəbul edib.
Qeyd olunan hüquqazidd əməllər nəticəsində onun iki vətəndaşa ümumilikdə 6 min manata yaxın maddi ziyan vurduğu aşkar olunub. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.