Gənclər parklarda quşlar üçün yem qabları və yuvalar quraşdırıblar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə  gənclərdə ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərindəki  Birinci  mikrorayon ərazisindəki istirahət parkında “Bir ovuc sevgi” devizi altında tədbir keçirilib.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli keçirilən tədbirin məqsədi barədə danışıb. Qeyd olunub ki, bu gün dünyada və Azərbaycanda ətraf mühitin mühafizəsi və yaşıllıqların salınması, ekoloji problemlərin həlli daim diqqət mərkəzində saxlanılır. Muxtar respublika ərazisində təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Həmçinin, 2018-ci ildə Naxçıvan şəhərinin ölkəmizin “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar Naxçıvan şəhərinin ətrafında və muxtar respublikanın rayonlarında Gənclər bağları salınıb və mütəmadi olaraq gənclərin iştirakı ilə bağa zəruri aqrotexniki qulluq göstərilib.

Sonra AMEA-nın Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Zooloji Tədqiqatlar sahəsinin kiçik elmi işçisi Hüseyn Rəsulzadə zəngin biomüxtəlifliyə malik olan Naxçıvan Muxtar Respublikası  ərazisinin flora və fauna ehtiyatları barədə məlumat verib. Qeyd edib ki, muxtar respublika ərazisində 2936 bitki, 105 onurğalı, minlərlə onurğasız heyvan növlərinə, 241 quş növünə rast gəlinir. Bu quşlardan 18 növü dünya üzrə məhv olma təhlükəsi olan quşlardır. Bu gün muxtar respublikada yaradılan milli parklar, qoruqlar, yasaqlıqlar quşların mühafizəsi  üçün görülmüş əsas tədbirlərdir.

Daha sonra layihənin ideya müəllifi Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülay Quliyeva çıxış edərək layihənin həyata keçirilməsində göstərdiyi köməkliyə görə təşkilatçılara və gənclərə öz minnətdarlığını  bildirib, gəncləri keçirilən tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Sonda gənclərin iştirakı ilə hazırlanmış yuvalar və yem qabları istirahət parkı ərazisində ağaclara asılıb, yem qablarına dən tökülüb. Həmçinin gənclərə süni quş yuvalarının hazırlanması haqqında bukletlər paylanılıb.

Qeyd edək ki, yem qabları mütəmadi olaraq gənclər tərəfindən yoxlanılaraq yemlə  doldurulacaq.  Link vasitəsilə qeydiyyatdan keçmiş 40-a yaxın könüllü gəncin iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: