Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir.
Payızlıq əkinlərindən yüksək məhsul götürülməsi üçün əsas aqrotexniki amillərdən biri də əkinin vaxtında aparılması və əkinlərə torpaq suyunun verilməsidir. Payızlıq taxılların vaxtında əkilməsi və suvarılması vegetasiyasına, habelə məhsuldarlığına müsbət təsir göstərir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2024-cü il 7 oktyabr tarixindən etibarən taxıl əkini aparılan sahələrə Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su anbarlarından və nasos stansiyaları vasitəsilə suyun verilməsinə başlanacaqdır.
Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən aparılan əkin məlumatları təhlil edilmiş və aid dövlət orqanlarına müvafiq göstərişlər verilib.