Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbir keçirib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, otyabrın 7-də “Ümumdünya Layiqli Əmək Günü” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında tədbir keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik süküt və dövlət himninin səslənməsi ilə başlayıb.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək, “Ümumdünya Layiqli Əmək Günü” münasibətilə əməkçi insanlara təbriklərini çatdırıb. Bildirib ki, 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ölkəmizdə eləcə də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Bunun nəticəsidir ki, muxtar respublikamızda vətəndaşlar üçün səmərəli məşğulluq, sağlam və layiqli iş yeri, əmək şəraiti yaradılıb. Aparılan işlərin əsas məqsədi hər şeydən əvvəl insan amilinə, insanların rahatlığına yönəlmişdir. Vurğulanıb ki, bundan sonra da Şura hər bir iş yerində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün səylə çalışacaq, onların qarşılaşdıqları problem və məsələlərin səmərəli həlli üçün əsaslı yardım göstərəcəkdir.
Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Katib-Əməyin Mühafizəsi şöbəsinin müdiri Rəşadət Xudaverdiyev, Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Məmmədov və Sahibkarlıq İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin təlimatçısı Mətləb Mehralıyevin çıxışları dinlənilib. Onlar əməkçilərin iş şəraitinin yaxşılaşdırılmasından, sosial sahədə təşkilat tərəfindən onlara göstərilən maddi və mənəvi dəstəkdən və həyata keçirdikləri tədbirlərdən danışıblar.
Sonda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev işçilərin layiqli əməklə təmin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına, ona üzv olan muxtar respublika, şəhər və rayon Birləşmiş Həmkarlar İttifaqı Komitələrinə və sahə həmkarlar təşkilatlarına tapşırıq və tövsiyələrini bildirib.